Ermənistan Azərbaycanın səbr kasasının daşmasını istəmirsə...-Politoloqdan XƏBƏRDARLIQ
Bölmə: Siyasət › ,Tarix: 18:40 25.11.2023
“Paşinyan periodik olaraq zaman-zaman daim ənənəsinə sadiq qalaraq, Azərbaycanla münasibətlərin müəyyənləşdirilməsi istiqamətində daim ziddiyyətli fikirlər səsləndirir. Bu vəziyyət demək olar ki, Paşinyanın ənənəsinə çevrilib. Bu prosesləri davam etdirən Paşinyan bir tərəfdən bütün dünyaya, beynəlxalq təşkilatlara, dövlətlərə Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olması ilə bağlı fikirlər səsləndirir, digər tərəfdən real addımlara gəldikdə isə ziddiyyətli fikirlər ortaya qoyur”.
Bu fikirləri İnformator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib.
“Paşinyanın səsləndirdiyi bu fikirlər 10 noyabr 2020-ci il bəyanatı və digər imzalanan bütün bəyanatların tələblərinə ziddir. Eyni zamanda Nikol Paşinyanın özünün belə səsləndirdiyi fikirlər belə daban-dabana ziddir. Çünki Paşinyan 6 oktyabr 2022-ci ildə Çexiyanın Praqa şəhərində Avropa Siyasi Birliyinin ilk zirvə toplantısında keçirilən dördtərəfli görüşdə Azərbaycan ərazilərini Almatı bəyannaməsi və BMT nizamnaməsi çərçivəsində tanıdığını dilə gətirib. 31 oktyabr 2022-ci ildə isə həmin bəyanatı Soçidə Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya Federasiyası prezidenti Putinin iştirakı ilə imzalayıb”.
Xəyal Bəşirovun sözlərinə görə, Nikol Paşinyanın və Ermənistan dövlətinin Azərbaycan ərazilərini Almatı bəyannaməsi və BMT nizamnaməsi çərçivəsində tanıması bununla məhdudlaşmır.
“Daha sonra Nikol Paşinyan Nazirlər Kabinetinin iclasları, parlamentdəki çıxışlar və digər tədbirlərdəki iştirakı zamanı bu fikirləri səsləndirib, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirib. Yəni, burada anklavlar və Qarabağ da daxil olmaqla, ümumilikdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün ərazilərindən söhbət gedir. Amma bu gün Azərbaycan tərəfi Ermənistana sülh sazişi istiqamətində üzərinə götürdüyü öhdəliklərə riayət etməsi ilə bağlı çağırışlar edərkən, o cümlədən də Azərbaycana aid olan Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndini boşaltmaqla bağlı tələblər irəli sürərkən, Nikol Paşinyan da ğz növbəsində bu cür sərsəm fikirlər səsləndirir”.
Politoloq hesab edir ki, bu imzalanan bəyanatlara, əldə edilən razılıqlara, Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi şəkildə maneə törədən amillərdən biridir.
“Paşinyan bir tərəfdən Azərbaycanla sülh prosesində əsas prinsiplərin razılaşdırılması ilə bağlı fikirlər səsləndirir, digər tərəfdən Azərbaycanla qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasında razılığa gəldiyimizi dilə gətirir, başqa bir tərəfdən isə sərhəd komissiyası tərəfindən görüşün keçirilməsinə razılıq verir. Sonra da belə əsassız, absurd, Azərbaycanın heç vaxt razı olmayacağı fikirləri səsləndirir”.
Hüquqşünas deyir ki, Azərbaycan hər zaman olduğu kimi beynəlxalq hüquqa hörmətlə yanaşıb və yanaşacaq.
“Ermənistandan fərqli olaraq Azərbaycan daim real danışıqlar prosesinə və nəticə verəcək müzakirələrə üstünlük verib. İndi də biz eyni prosesin tərəfdarıyıq. Amma Ermənistan onu da anlamalıdır ki, Azərbaycanın səbr kasası qeyri-məhdud həzmə malik deyil”.
Xəyal Bəşirov düşünür ki, Azərbaycanın səbr kasasının daşmaması üçün Ermənistan ən azından mövcud mərhələdə real addımlara imza atmalıdır.
“Bizim sülhə, tarixdə ən çox hazır olduğumuz hazırki məqamda, prosesin pozulmasına yox, bu problemin irəliləməsi və bu istiqamətdə uğurun əldə edilməsinə ehtiyacımız var”.
Politoloq Nikol Paşinyanın bu addımlarını müyyən mənada anladığını da dilə gətirib.
“Məsələn o, müstəqil dövlətin müstəqil baş naziri deyil. Paşinyan bu tip məsələlərdə qərar qəbul edə bilmir. Əgər edə bilirsə, buyursun. Azərbaycanla özünün imzası ilə üzərinə götürdüyü öhdəliklərə riayət etsin”.
Şərhçi sonda deyir ki, Paşinyan bu öhdəliklərə riayət etmirsə, deməli o, ya sülhü istəmir, ya da Paşinyanın ağaları, ona təsir edən havadarları sülhün tərəfdarı deyil.
“Paşinyan və onun havadarları unutmamalıdır ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olduğu kimi, bu problemin də həllinə nail olacaq. Ermənistanın bu hərəkətləri prosesi uzandıra bilər, amma həllinə mane ola bilməz”, - deyə politoloq yekunlaşdırıb.
Həcər Əmiraslanlı