"ARB 24 NewsLab" iştirakçıları mükafatlandırılıb-FOTO
Bölmə: MEDİA › ,Tarix: 17:11 27.11.2023
Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramının iştirakçıları mükafatlandırılıb.
İnformator.az xəbər verir ki, layihəni uğurla başa vuran tələbələr işlə təmin olunublar.
Tədbirə giriş sözü ilə başlayan fakültənin dekanı Vüqar Zifəroğlu dəstəyə görə "ARB 24" telekanalının rəhbərliyinə təşəkkürünü bildirərək, müsahibə mərhələsindən uğurla keçən tələbələri təbrik edib.
Həmçinin, universitetin nəzdində televiziyanın kiçik studiyasının yaradılması barədə məlumat verib. Fakültə dekanı eyni zamanda, telekanalının əməkdaşlarını "ARB 24"-ün ümumrespublika yayımına başlamasının 5 illiyi münasibətilə təbrik edib.
Telekanalın direktoru Radik İsmayılov bildirib ki, 2024-cü ilin fevralında layihənin yenidən keçirilməsi planlaşdırılır və proqram ənənəvi şəkildə hər il davam etdiriləcək.
Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli isə “ARB 24” telekanalı, həmçinin "ARB 24 NewsLab" təlim proqramının üstünlüklərindən söz açaraq, bu layihəni olduqca yüksək qiymətləndirib.
Cahangir Məmmədlinin sözlərinə görə, Jurnalistika sahəsinə yiyələnmək istəyən hər tələbə nəzəriyyədən savayı, praktik fəaliyyət və təlimlərə də üstünlük verməlidir.
Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, Professor Qulu Məhərrəmli sertifikata layiq görülən tələbələri təbrik edərək, onların inkişaf yollarında yaradılan bu layihənin perspektivlərini yüksək qiymətləndirib.
Eyni zamanda, görüşdə iştirak edən Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, departament rəhbəri Çinarə Nurməmmədova qaliblərə uğurlar arzulayıblar.
Sonda sertifikata layiq görülən tələbələrlə xatirə şəkli çəkilib.
Həcər Əmiraslanlı