Qumarı asan qazanc mənbəyi bilənlərin başına gələnlər

Bölmə: Siyasət › ,
Tarix: 22:21 28.11.2023

Yüksək məbləğlər, bahalı maşınlar və sair. Sosial şəbəkələrdə bəzən məhşur şəxslərin montaj olunmuş görüntüləri ilə qarşımıza çıxan qumar oyunlarından və bu oyunlarda qazanmaq istəyənlərin çıxdığı yolda başına gələnlərdən bəhs edəcəyik.

 

Bu gün 50 manat qazanırlarsa, sabah 70 manat, 80 manat itirirlər. Amma davam edirlər, çünki narkotik kimi asılılıq yaradır. Elə qumarı təhlükəli edən səbəb də budur. Məsələ ondadır ki, bu təhlükə virus kimi sürətlə yayılır. Yayanlar isə sahənin dırnaqarası peşəkarlarıdır.

 

Cəlbedici reklamlar ilk baxışda onlayn qumarı asan qazanc kimi göstərir. Amma ekrana daşınan kadrlar əslində gölə atılan tilov kimi şikarını gözləyir. İlişdinsə cibindəki beş-on manat son qəpiyə qədər bir göz qırpımında əlindən çıxdı deməkdir. Ən qəribəsi isə odur ki, bəzi hallarda heç qanun da belə vəziyyətdə sənin köməyinə çata bilmir. Çünki onlayn qumar oyunlarının əksəriyyəti xarici ölkələrdən idarə edilir.

 

Hüquqşünas Tural Hüseynov bildirir ki, bəzi ölkələrdə bu sahəyə nəzarət çox zəifdir: “Bu ölkələrdə müxtəlif intenet pravayderləri açırlar və Azərbaycana üzərində daxil olub insanları müxtəlif yollarla qumara cəlb edirlər. Həmin oyunlardan istifadə imkanları məhdudlaşdırılmalıdır, yəni virtual məkan üzərindən, internet üzərindən insanları həmin oyunlara daxil olma, girişi ilə bağlı məhdudiyyətlər tətbiq olunmalıdır. Həmin oyunlara girişə şərait yaradan müvafiq subyeklər barəsində də məsuliyyətə cəlb etmə ilə bağlı qərarlar qəbul olunmalıdır. Ancaq bu şəkildə tənzimlənə bilər bu məsələ”.

 

Daxili İşlər Nazirliyindən isə deyildi ki, vəziyyət nəzarət altındadır. Yəni belə faktlarla bağlı mübarizə tədbirləri nə qədər qəliz olsa da indiyədək uğurlu nəticələr əldə edilib. Hazırda isə bu istiqamətdə əməliyyatlar davam edir.

 

DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov deyir ki, sosial şəbəkələrdə təşkil olunan onlayn kiber dələduzluq halları və virtual kazinolarla bağlı yayılan məlumatlardan və səhifələrdən xəbərdarıq: “Polis əməkdaşları tərəfindən həmin səhifələrə qarşı mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir”.

 

Nazirlikdən o da bildirildi ki, ümumiyyətlə, mövcud qanunvericiliyə əsasən növündən asılı olmayaraq qumar oyunları qadağandır. Bu qadağanı pozanlar cinayət məcəlləsinin 244.1-ci və 428.9-cu maddələri ilə məsuliyyətə cəlb edilirlər.