Xəzəryanı ölkələrin görüşünün Azərbaycan üçün əhəmiyyəti-DETALLAR
Bölmə: Siyasət › ,Tarix: 21:30 30.11.2023
Dekabrın 5-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada görüşü baş tutacaq. Görüşdə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək. Görüşün əsas predmeti nə olacaq? Hansı məsələlər müzakirə oluna bilər? Bu görüşün Azərbaycan üçün əhəmiyyəti nədir?
Məsələ ilə bağlı politoloq Anar Əliyev informator.az-a açıqlamasında suallarımızı cavablandırıb. Politoloq düşünür ki, bu görüş indiki geosiyasi gərginlik şəraitində çox mühüm görüşlərdən biri olacaq. Çünki kifayət qədər geniş müzakirə mövzuları mövcuddur:
"Xəzəryanı dövlətlərin böyük hissəsi keçmiş Sovet respublikalarının İranla birgə müzakirə edib, ortaq qərarlar vermək zərurəti yaranmış bir çox məsələlər mövcuddur. Mən hesab edirəm ki, təbii ki, burada Xəzərlə bağlı məsələlər, Xəzəryanı dövlətlərin qarşılıqlı iqtisadi, ticarət əlaqələrinin qurulması, bölgə üçün mövcud, yeni yaranmış geosiyası təhdidlər müzakirə predtmetinə daha çox çevriləcək. Xüsusilə, Rusiyanın bu məsələləri gündəmə çıxarıb, Xəzəryanı dövlətlərdən dəstək almaq və bununla da beynəlxalq müstəvidə yalnız olmadığını nümayiş etdirməyə ciddi ehtiyacı var".
Politoloqun sözlərinə görə, Avropaya Çin məhsullarının daşınmasını həyata keçirəcək orta dəhlizin rolu gündən-günə artır:
"İndiki reallıqlar şəraitində yeni və gərgin geosiyasi vəziyyətlər fonunda orta dəhliz Xəzəryanı ölkələr üçün çox ciddi əhəmiyyət daşıyır. Orta Asiyadan və Xəzər dənizindən keçməklə Avropaya Azərbaycan üzərindən Çin məhsullarının daşınmasını həyata keçirəcək orta dəhlizin rolu, əhəmiyyəti durmadan artır.
Təbii ki, belə şəraitdə Xəzəryanı dövlətlərin siyasi, iqtisadi, ticarət, xüsusilə, nəqliyyat əlaqələrinin yeni çağırışlara uyğunlaşdırılması çox mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, dekabr ayının 5-də keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü çox ciddi əhəmiyyət daşıyacaq".
Politoloq Azərbaycanın haqlı mövqeyinin ifadə olunması və Xəzəryanı dövlətlərin birgə mövqeyinin ifadəsi baxımından bu görüşün əhəmiyyətini vurğulayıb:
“Hesab edirəm ki, bizim üçün bir daha Azərbaycanın haqlı mövqeyinin ifadə olunması, xüsusilə, Ermənistan üzərindən bölgəmizdə oyunlar qurmaq istəyən, yeni şərtlər, yeni reallıqlar formalaşdırmağa çalışan ayrı-ayrı güclərə bir daha Xəzəryanı dövlətlərin birgə mövqeyinin ifadəsi baxımından bu görüş çox ciddi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının xarici işlər naziri hörmətli Ceyhun Bayramov bu fürsətdən səmərəli istifadə edəcək və Azərbaycanın mövqeyini, yanaşmalarını bir daha bu yüksək platformadan həmin mərkəzlərin diqqətinə bir daha çatdıracaq".
Müsahib əlavə edib ki, Azərbaycanın Xəzəryanı dövlətlərlə mövcud münasibətləri daha da irəli aparmaq üçün ikitərəfli görüşlər keçirməyə marağı olacaq. Beləliklə, haqq mübarizəsinə beynəlxalq dəstəyin artırılması üçün mümkün bütün fürsətlərdən istifadə etməyə davam edəcək.
"Xatırladıram ki, bu görüş həm də MDB dövlət başcılarının dekabr ayınının sonlarına yaxın planlaşdırılan qeyri-rəsmi görüşü ərəfəsində baş verir və həm də MDB dövlət başcılarının görüşü üçün bir gündəlik formalaşdırma mahiyyəti də daşıyacaq".
Anar Əliyev sonda qeyd edir ki, belə platformalar Azərbaycan üçün hər zaman cəlbedici olub və Azərbaycan mümkün bütün imkanlardan istifadə etməklə haqq mübarizəsinə beynəlxalq dəstəyin artırılmasına davamlı olaraq çalışıb: "Bu platforma da həmin imkanlardan biri kimi qiymətləndirilir".
Ayaz Zeynalzadə