"Xəzərsahili dövlətlər ilə görüşlərin keçirilməsi Azərbaycanın yeni reallığı ilə uzlaşır" -Xəyal Bəşirov

Bölmə: Siyasət › ,
Tarix: 11:31 06.12.2023

Dekabrın 5-də Rusiyanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Moskvada Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilib. Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın xarici işlər nazirlərinin ikitərəfli görüşləri də nəzərdə tutulub. Maraqlıdır ki, bu görüşün əsas məqsədləri nələrdir? Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov İnformator.az ilə fikirlərini bölüşüb.

 

 

Xəyal Bəşirovun fikirlərinə görə, Xəzərsahili dövlətlərin xarici işlər nazirləri ilə görüşün keçirilməsi təəccüblü hadisə deyil. 

 

"Xəzəryanı dövlətlərin bu və digər məsələlər ilə bağlı zaman-zaman görüşləri baş tuta bilir. Ümumilikdə, Xəzər dənizi tarixi İpək yolunun üzərində yerləşir. Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəldikdən sonra Cənubi Qafqaz regionu daxil olmaqla, bu ərazilərdə görüşlərin keçirilməsi bizim yeni reallığımızla uzlaşır".

 

Politoloq qeyd edir ki, bütün dünya üçün əhəmiyyə kəsb edən orta dəhliz şərdən qərbə, Asiya ilə Avropanı birləşdirən böyük yolun funksiyasını həyata keçirir. 

 

"Bu yol üzərində həm iqtisadi, həm də loqistika məqsədləri üçün istifadə edilən bir yoldur. Bu baxımdan Xəzərsahili dövlətləri ilə görüş keçirilməsi çox əhəmiyyətli bir hadisədir. Eyni zamanda, görüş zamanı Azərbaycanın formalaşdırdığı yeni gerçəklər, orta dəhlizin qeyri-işlək vəziyyətdə olması müzakirə məsələlərindən biri olacaq. Həmçinin, Xəzərsahili dövlətlərin görüşünün keçirilməsi Azərbaycanın iqtisadi maraqlarına cavab verir. Azərbaycanın Xəzər ətrafında yerləşən dövlətlərin hər biri ilə qarşılıqlı və inkişaf edən münasibətləri mövcuddur". 

 

Xəyal Bəşirov vurğulayır ki, Qazaxıstan və Türkmənistan türk dövlətləridir və bu dövlətlər ilə müxtəlif platformalarda iş birliyimiz var. 

 

"Biz Türk Dövlətlər Təşkilatına üzvük və etnik cəhətdən eyni dövlətlərik. Rusiya Azərbaycan ilə bütün məsələlərdə anlaşan dövlətdir. Rusiya 2022-ci il 22 fevral tarixində müttəfiqlik bəyannaməsini imzalayıb. Bizim elə bir mövzumuz yoxdur ki, baxışlarımız toqquşsun. İran dövləti ilə İkinci Qarabağ müharibəsindən sonra bəzi qüvvələrin səyi ilə münasibətlərimizdə gərginlik yarandı. Hər bir halda bu gərginliyin həllinə nail ola bildik. Artıq Azərbaycan və İran dövləti Zəngəzur dəhlizinin Ermənistanın pozuculuq siyasəti nəticəsində İranda keçəcək alternativ yolun bərpası prosesini həyata keçiririk. Xəzəryanı dövlətlər ilə olan münasibətlərimiz güclüdür və inkişaf etməkdədir. Bu görüş münasibətlərin inkişaf etdirilməsi baxımdan çox ciddi əhəmiyyətə malik olan görüş olacaq".

 

Fatimə Mustafayeva