Putin hərbi qulluqçu artırdı- Pərdəarxasını ekspert açıqlayır
Bölmə: Siyasət › ,Tarix: 23:31 06.12.2023
Rusiya Prezidenti Vladimir Putinin yeni qərarla ordunun hərbi qulluqçularının sayını 1 milyon 320 minə qaldırması hərbi ekspertlər tərəfindən daha böyük müharibəyə hazırlıq kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva fikirlərini İnformator.az ilə bölüşüb. Yeganə Hacıyevanın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf uduzub:
"Rusiyada bu elan olunacaq artıq sayca üçüncü mobilizasiyadır. Bu mobilizasiyanın bundan öncəki iki mobilizasiyadan fərqi odur ki, diğərləri gizli, fərqli adlarla həyata keçirilib. Ümumiyyətlə, hazırki mərhələdə bu mobilizasiyanın necə nəticələnəcəyi ilə bağlı fikirlər bildirmək lazımdır. Fikrimcə, mobilizasiya Rusiyada təqdim olunan kimi alınmayacaq. Gələn il Rusiya və Ukraynada seçkilər baş tutacaq, Rusiyanın seçkilər öncəai milyonluq mobilizasiya edəcəyi ilə bağlı açıqlamaları məhz Ukraynanı bu mərhələdə danışıqlara məcbur etmə cəhdidir".
Politoloq vurğulayır ki, ABŞ və Aİ-bın diplomatik mərkəzlərinə yaxın mediada yazılanlara inansaq Amerika Birləşmiş Ştatları və Avropa Birliyi başda olmaqla Ukraynanı Rusiya ilə danışıqlara məcbur edir:
"Həmçinin Rusiya danışıqlara getmək üçün təşəbbüslərini göstərir. Bunun da əsas səbəbi irəlidə seçkilərin olmasıdır. Artıq seçkilərin aqibəti Rusiya üçün bəllidir. Elə Ukrayna üçün də bəllidir, çünki hazırda iki uduzmuş ölkə var. Çünki bu iki qardaş xalq arasındakı müharibənin nəticəsi yoxdur və bundan sonrakı mərhələlər haqqında də onu qeyd etməliyik ki, müharibənin bundan sonra davam etdirilməsinin də bir anlamı da yoxdur".
Yeganə Hacıyeva müharibənin ən çox Rusiya dövlətinə mənfi təsir göstərdiyini qeyd edib:
"Bu gün müharibə Rusiya prezidenti Putinin hakimiyyətini əldən vermək qorxusu üzərindən davam edir.
Əks halda Rusiyanın özünə də bu müharibəni dayandırmaq vacibdir, çünki iqtisadi sanksiyalar ölkəni məngənəyə yığır və elementar mobilizasiya haqqında məlumatların artması ilə də, sanksiyaların da tətbiq olunmasında paralel artımlar müşahidə olunur. İndiki mərhələdə ən yaxşısı addım , çıxış yolu Türkiyənin göstərdiyi pozisiyadır-Rusiya ilə Ukraynanı barışdırmaq cəhdi. Bu danışıqlarda da beynəlxalq hüququn təminatı vacibdir. Bu, o deməkdir ki, Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır. Amma bu, həm də o deməkdir ki, Rusiya da müəyyən güzəştlərə getməlidir".
Politoloq təəssüf hissi ilə bildirir ki, Rusiya güzəştlərə getməyəcək:
"Dövlət olaraq bəlkə Rusiya güzəştə gedərdi, amma hakimiyyət güzəştə getməyəcək. Çünki Rusiyanın müharibədə uğursuzluqları hər zaman mövcud dövlət quruluşlarının və hakimiyyətin axırını gətirib. İndi də baxmayaraq ki, Rusiyanın uduzması haqqında danışılmır, amma reallıq ondan ibarətdir ki, bu müharibəni ən çox Rusiya uduzub. Çünki ümumilikdə əsgər sayıları ilə bağlı itkilər göz önündədir, sanksiyaların tətbiqi nə qədərdir, demoqrafik vəziyyət necədir, yəni dəhşətli dərəcədə insanlar ölkədən qaçmağa məcburdur, bu mobilizasiyanın elan olunması həm də ölkədən çıxan rusiyalıların ölkədən çıxmasının qarşısını almağa yönəlib. Paralel olaraq ayrı bir məsələdir ki, bu mobilizasiya özü texniki olaraq nə qədər mümkündür? Qeyd etmək lazımdır ki, mümkün deyil. Atılan bu addımlardan ən çox Rusiya hakimiyyəti əziyyət çəkir. Təbii ki buna Ukrayna da daxildir. Ukraynada faktiki olaraq institutional dövlət sistemi yoxdur. Bu yaxınlarda ölkə daxilindəki siyasilər mesaj verdilər ki, ölkə daxilində hər şey bir adamın əhval-ruhiyyəsindən asılıdır. O da Zelinskidir".
Politoloq sonda bildirir ki, Rusiyanın atdığı addımlar birmənalı olaraq NATO-nun genişlənməsi ilə nəticələndi:
"Rusiya Ukrayna ilə müharibədə heç nə qazanmayıb, amma artıq NATO-nun üç üzvlə bağlı genişlənməsi gözlənilir. Biri artıq qəbul olunub. Digər ikisi də danışıqlar mərhələsindədi".
Gülay Qəribova