Ermənistan üçün böyük qayıdış planını əngəlləmək əsas prioritetə çevrilib-Oqtay Qasımov
Bölmə: Siyasət › ,Tarix: 13:01 07.12.2023
"Ermənistanın hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsi insanların qayıtmasına böyük təhlükə yaradır". Bu fikirləri Metyu Brayza bildirib. Maraqlıdır ki, Metyu Brayzanın qeyd etdiyi fikirlər öz reallığını necə əks etdirir? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov İnformator.az ilə fikirlərini bölüşüb.
Oqtay Qasımovun fikirlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistandan tələb etdiyi əsas məsələlərdən biri dəqiq mina xəritələrinin təqdim olunması idi.
"Təəssüf ki, Ermənistan üzərinə düşən öhdəliyi həyata keçirmədi. Bir çox təzyiqlərdən sonra Ermənistan mina xəritələrini Azərbaycana təqdim etdi. Lakin məlum oldu ki, bu dəqiq mina xəritələri deyil. Əslində, təqdim olunan xəritələr saxta idi. Ermənistanın Qarabağ və işğal olunmuş ərazilərdə basdırdığı minaların sayı bir milyon yarım olmasına baxmayaraq bunun cəmi 1/4 haqqında dəqiq məlumat var. Bu da minaların tapılmasında ciddi problemlərə yol açır. Belə ki, həmin ərazilərin minalardan təmizlənməsi üçün 20 ildən artıq vaxta ehtiyac yaranıb. Həmçinin, bunun üçün 25 milyarddan artıq böyük maliyyə vəsaiti xərclənməlidir".
Politoloq qeyd edir ki, mina xəritələrinin təqdim olunmamasının bir neçə səbəbləri var.
"Bunun əsas səbəblərindən biri azad olunmuş ərazilərimizdə vaxtilə yaşamış soydaşlarımızın geri qayıtmasına əngəl törədilməsidir. Ermənistanda hələ də revanşizm duyğular qalmaq da davam edir. Onlar hesab edirlər ki, ərazi nə qədər sürətli şəkildə məskunlaşdığı təqdirdə yenidən revanşizm siyasətini həyata keçirmək çətin olar. Azərbaycanın həyata keçirdiyi böyük qayıdış planını əngəlləmək əsas prioritetə çevrilibdir. Bu baxımdan Metyu Brayzanın səsləndirdiyi fikirlər real və dəqiq fikirlərdir".
Fatimə Mustafayeva