Azərbaycan və Serbiya əlaqələri genişlənir-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 14:19 12.12.2023
Azərbaycan və Serbiya arasında əlaqələr gündən-günə inkişaf edir, genişlənir. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiç ilə birgə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.
Siyasi şərhçi Kazım Kazımov Serbiya və Azərbaycan arasındakı əlaqələrin genişlənməsi, iki ölkə arasındakı münasibətlərin tarixi ilə bağlı informator.az- a açıqlama edib.
Şərhçi bildirib ki, Azərbaycan və Serbiya arasındakı əlaqələr İkinci Dünya müharibəsindən sonrakı dövrə dayanır.
"Azərbaycanın Sovet İttifaqına, Serbiyanın da Yuqoslaviyaya daxil olduğu dövrdə hər iki ölkə eyni düşərgədə yerləşirdi və Azərbaycanla Serbiya arasındakı əlaqələr 1940-cı illərdən bəri inkişaf edib. Xüsusilə, 1990-cı illərin ortalarında-hər iki dövlət müstəqilliyini elan etdikdən sonra əlaqələr daha da genişlənməyə başladı".
Müsahib qeyd edir ki, Azərbaycan və Serbiya əlaqələri, bir növ, Avropa ilə Azərbaycan və ya Cənubi Qafqaz əlaqələri kimi də sinxronizə edilə bilər.
"Çünki Serbiya mühüm Balkan ölkələrindən biridir və bu sahədə Azərbaycanla Baklanlar arasında Serbiya və Azərbaycan əlaqələrinin genişlənməsi önəmli yer tutur.
Bilindiyi kimi, Balkanlar dünyanın ən həssas nöqtələrindən biridir, Serbiyanın 1990-cı illərdə və bu gün də həm Kosova ilə, həm Bosniya və Herseqovina, həm də Xorvatiya ilə müəyyən qədər problemləri var.
Qeyd etmək lazımdır ki, Azərbaycanın isə Serbiya ilə yanaşı, digər Balkan ölkələri ilə, xüsusilə, Bosniya və Herseqovina, Xorvatiya ilə yaxşı əlaqələri var".
Kazım Kazımovun fikrinə görə, Serbiyanın öz qonşuları ilə problemləri həll etməsi və bölgədə sülhün dayanıqlı olması, digər problemlərin həll edilməsində Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf etməsi rol oynaya bilər.
"Bu sadəcə bölgədəki problemlər lə bağlı yox, həmçinin enerji daşıyıcısı baxımından gələcəkdə Azərbaycanın Orta Asiyadan uzanan enerji xətlərinin Serbiyadan keçməsi halı olarsa, bu da iki ölkə arasındakı əlaqələri daha da gücləndirə bilər.
Bilindiyi kimi, Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələr əsasən enerji strategiyası üzrə qurulub və əgər gələcəkdə Serbiya Avropa İttifaqına üzv olarsa, Azərbaycan Avropa İttifaqında özünə mühüm müttəfiq qazanmış olar".
Siyasi analitik sonda qeyd edib ki, bütün bunların nəticəsində Azərbaycanla Serbiya arasındakı münasibətlər hər iki ölkənin xeyiri üçün uyğundur.
Nəzrin Mirzəyeva