Ukraynanın Qərblə müttəfiqliyinin bitməsi mümkün deyil-Elşad Həsənov

Bölmə: Siyasət › ,
Tarix: 22:58 13.12.2023

Ukrayna və Rusiya müharibəsi davam edir, vəziyyət gündən-günə daha da gərginləşir.


Qeyd edək ki, son günlərdə Rusiyanın Ukraynanın paytaxtı Kiyevə ballistik raket hücumları artıb. 


Ukrayna üçün faciəvi son yaxınlaşır mı?
Ukraynanın ABŞ -la və ya Avropa ölkələri ilə müttəfiqliyi bitə bilər mi?

Əgər bu müttəfiqlik bitərsə, Ukrayna özünə yeni müttəfiq tapa biləcək mi?

Politoloq Elşad Həsənov sözügedən məsələ ilə bağlı informator.az-a açıqlamasında suallarımızı cavablayıb:

"Zelenski  Amerikada Baydenlə görüşü zamanı bildirdi ki, Ukrayna Müdafiə Nazirliyi işğal olunan ərazilərin 50%-ni azad edib.
Qara dənizdə isə müvəffəqiyyət qazanıblar.
Ancaq son zamanlarda ABŞ Konqresmenləri Ukraynaya yardımın verilməsini əngəlləyirlər, artıq Bayden  Konqresə müraciət edib, ancaq  onlar hələki bu məsələyə baxmırlar və Ukraynaya ediləcək yardımlar gecikir, ruslar da əks-hücuma keçirlər.
Xüsusilə, son günlər ruslar müəyyən yerlərdə hücuma keçiblər və bəzi yerlərdə müvəffəqiyyət qazanıblar.
Rus kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, rus qoşunları Donetsk vilayətindəki Marinka şəhərinə daxil olublar".

 

Siyasi analitik əlavə edib ki, müharibə daha da kəskinləşir.

 


"Bayden   Zalenski ilə öz çıxışlarında Ukraynaya daim kömək edəcəklərini, dəstəkləyəcəklərini,ancaq silah-sursat bitdiyini, azaldığını bildirib.
Bu məsələ də gündəmdədir. Bayden çıxışında əlavə edib ki, Ukrayna müharibədən sonra NATO-ya üzv qəbul ediləcək.
Dünən gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə balistik raketlərlə hücumu nəticəsində 53 nəfər zərər çəkib, onlardan 22 nəfəri xəstəxanaya yerləşdirilib". 

 

Müsahib açıqlamasında bildirib ki, son günlər   həm Avropa İttifaqından  Ukraynaya kömək azalıb, həm də ABŞ-da konqresmenlər hələki onlara köməklik göstərmək istəmir.

 

"Amerika politoloqlarından biri bildirib ki, Amerikanın özündə 1 milyard dollarlıq silah-sursat ehtiyyatı qalıb.
Yəni bu 1 il 10  ay ərzində Amerika öz silah-sursatını Ukraynaya göndərib, Ukraynada isə bunların hamısı sərf olunub, buna görə də yeni silahlar istehsal etmək lazımdır ki, həm Amerika özünün milli təhlükəsizliyini qorusun, həm də Ukraynaya kömək etsin.
Eyni zamanda  Polşanın  yeni seçilən Baş naziri Donald Tusk bildirib ki, Polşa Avropa ölkələrinin liderlərinə səslənəcək və onları Ukraynaya təcili kömək etməyə çağıracaq, buna nail olacaq.   Ukrayna havada qələbə çala bilərsə və ya Ukraynaya vəd olunan F-16-lar çox güman edilir ki, bu 2024-cü ildə veriləcək, əgər verilərsə və Ukrayna havada üstünlük qazansa, yerdə də qələbə qazanacaq".

Elşad Həsənov deyir ki, Ukraynanın Qərblə müttəfiqliyinin bitməsi mümkün deyil, çünki Qərb liderlərinin hamısı Ukraynaya kömək etmək istəyirlər. Ancaq son dövrlərdə problemlər yaranıb.

 


" NATO-nun Baş Katibi Yens Stoltenberq dəfələrlə qeyd edib ki, Ukraynanın məğlubiyyəti Qərbin məğlubiyyətidir. Buna görə də  onlar çalışırlar ki, Ukraynaya dəstək olsunlar. Almaniyanın Kansleri Olaf Şolts Avropa ölkələri kömək etməsə də onların kömək edəcəklərini bildirdi. Ukrayna özünə başqa müttəfiq tapa bilməz, çünki dünyanın ən güclü dövlətləri Amerika, Avropa ölkələri hamısı Ukraynaya dəstəkdir.
Əgər onlarla müttəfiqliyi baş tutmasa, başqa heç kimlə də müttəfiqliyi baş tutmayacaq".

 

Bəs,Rusiya qələbə qazanarsa, bölgədə vəziyyət necə olacaq?

"Əgər müharibə Rusiyanın qələbəsi ilə bitərsə, bölgədə vəziyyət gərginləşəcək. Rusiya əvvəlki SSRİ ölkələrini öz caynağına keçirməyə çalışacaq və bu da dünyada böyük qarışıqlığa səbəb olacaq. Buna görə də biz ümid edirik ki, Ukrayna öz torpaqlarını işğaldan azad edəcək və müstəqil dövlət kimi yaşayacaq".

Nəzrin Mirzəyeva