BDU-da "Türkiyə mətbuatında Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetləri" mövzusunda elmi seminar keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 13:55 01.04.2024

Aprelin 1-də BDU-da(Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının doktorantı Adilə Bayramovanın "Türkiyə mətbuatında Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetləri" mövzusunda elmi seminarı keçirilib.

 

A. Bayramova bildirdi ki, 44 günlük vətən müharibəsi qalibiyyətlə başa çatmasından sonra bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də qarşıda yeni üfüqlər açılmışdır. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan münaqişəsi uzun illər ərzində ölkəmizin böyük potensialını ortaya qoymasına maneə törədirdi. İndi isə dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək məsələsində Ermənistan və Qarabağ problemi adlı maneə yoxdur. Son illərdə isə Azərbaycanın xarici siyasəti artıq regionun hüdudlarından kənara çıxıb. Ölkəmiz hazırda dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir.

 

O bildirdi ki, Azərbaycanın qarşıdakı dövrdə xarici siyasət istiqamətləri Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki proqram xarakterli nitqində də aydın ifadə etmişdi. Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtması nəzərdə tutulur. Azərbaycan artıq dünyanı narahat edən problemlərin həllində daha fəal olacaq, o cümlədən, iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, 11-24 noyabr tarixlərində Azərbaycan COP29-un evsahibi və sədri olacaq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralardadır.

 

Seminarda  Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Kafedranın müəllimləri Sabir Məmmədli, Həmid Vəliyev, Təranə Mahmudova, Pərvanə İbrahimova və Aytəkin Zeynalova da iştirak ediblər.

 

Çıxış edən Aynur Nəsirova Adilə Bayramovaya təşəkkür edib və öz fikirlərini söyləyib:

 

"Çox önəmli, aktual bir məsələyə toxunmusunuz, “Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetləri” mövzusu ölkəmiz üçün olduqca önəmlidir. İnformasiya siyasətinin formalaşmasında bu mövzunun əhəmiyyəti çox böyükdür. Bakı Dövlət Unuversietinin Jurnalistika fakültəsi də birbaşa media sisteminə bağlı bir təhsil formatı olduğundan bizim bugünkü müzakirəmiz düşünürəm ki, gələcəkdə magistr və tələbələrin də marağına səbəb olacaq".