"24media.az" xəbər saytının 5 yaşı tamam olur

Bölmə: MEDİA › ,
Tarix: 22:03 27.05.2024

Bu gün "24media.az" xəbər saytının 5 yaşı tamam olur.

 

Sözügedən saytın baş redaktoru Bakı Dövlət Universitetinin müəllimi Anzulə Pərvizqızı və əməkdaşları saytla bağlı fikirlərini "İnformator.az"-da bölüşüblər.

 

 

A.Pərvizqızı bu saytın gənc jurnalistlərin yetişməsinə dəstək olduğunu vurğulayaraq qeyd edir:

 

"Saytımız 5 il əvvəl “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənninin tədrisində tələbələrimizin nəzəri biliklərini praktikada tətbiq etməkləri ehtiyacından yarandı. Saytımızın adını da elə 24 tələbəmdən ibarət qrupun təşəbbüsü ilə seçdik. Başlanğıcda yalnız Bakı Dövlət Universitetində təhsil alan tələbələrimizlə çalışırdıq, hazırda isə digər universitetlərdən bizimlə əməkdaşlıq edənlər var. Əvvəlcə xəbərlərə fokuslanırdıq, hazırda isə həm yerli və xarici xəbərlər, həm də eksklüziv müsahibələr hazırlayırıq.
Saytımızda fəaliyyətə başlayan bir çox tələbələrimiz və məzunlarımız hazırda bir çox nüfuzlu media orqanlarında çalışırlar. Biz isə böyük komandamızla hər il daha da inamla irəliləyir, nəzəri biliklərimizi praktikada istifadə edərək faydalı məhsullar istehsal etməyə davam edirik".

 

 

Saytın əməkdaşı olan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Sayad Qoşnalıyeva saytda əsasən təhsil və mədəniyyət sahələri ilə bağlı müsahibələr hazırladığını vurğulayaraq deyir:

 

"24media.az saytı ilə əməkdaşlığa müəlliməmiz Anzulə Pərvizqızının dəstəyi ilə başladıq. Tədris prosesində, yəni dərs müddətində öyrəndiklərimizi, nəzəri biliklərimizi praktik olaraq saytda istifadə edirik. Fikrimcə, 24media.az saytında fəaliyyət göstərmək faydalı və maraqlıdır. Müxtəlif mövzular üzrə müsahibələr alır, reportajlar hazırlayırıq. Əsasən, təhsil və mədəniyyət sahələri ilə bağlı müsahibələr hazırlayıram. Həmçinin bir çox yazıların redaktəsində də iştirak edirəm. Bir sözlə, 24media.az təcrübə qazanmaq üçün faydalıdır".

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kurs tələbəsi Gülay Qəribova deyir ki, bu sayt mənim üçün Jurnalistikanın qapılarını geniş açaraq, mənə bu sahənin incəliklərini öyrətməklə yanaşı Jurnalistika anlayışını məndə formalaşdıran bir sahə oldu.

 

 

"Bu platforma, mənə yalnız peşəkar biliklərimi inkişaf etdirməyə kömək etməklə qalmadı, eyni zamanda mənə ilham verən və mənim gələcəyimə yön verən möhtəşəm əlaqələr qurma imkanı yaratdı. Anzulə xanımın rəhbərliyi altında bu səyahət, mənim üçün yalnız bir təhsil prosesi deyil, həm də xəyallarımı gerçəkləşdirmək üçün möhkəm bir zəmin oldu".

 

 

G.Qəribova 24media.az-a qarşı böyük bir sevgi hissi ilə əlavə edir ki: "24media.az hər bir üzvünün dəstəyi və enerjisi ilə böyüyən, inkişaf edən bir platformadır. Burada əldə etdiyim dostluqlar, iş birliyi əlaqələri və peşəkar təcrübələr mənim üçün əvəzolunmazdır. Hər kəsin qarşılıqlı hörmət və sevgi ilə bir araya gəldiyi bu icma, mənim üçün çox xüsusi bir yerdir və bu doğmalıq hissi, burada keçirdiyim hər anı dəyərli edir. 24media.az yalnız peşəkar biliklərin əldə edildiyi bir platforma deyil, eyni zamanda hər kəsin inkişafına və uğurlarına dəstək olan bir cəmiyyətdir. Burada hər bir iştirakçı, öz potensialını maksimum dərəcədə reallaşdırmaq üçün lazımi resursları və dəstəyi tapır. Məhz bu səbəbdən 24media.az mənim üçün sadəcə bir iş yeri deyil, ilham mənbəyidir".

 

 

O qeyd edir ki: "Bir gün daha yüksək zirvələrə çatdığımda, 24media.az üçün ən yaxşısını etməkdən böyük qürur duyacağam. Bu platformanın mənə verdiyi dəyər, mənim həyatımda unudulmaz izlər buraxdı və mən hər zaman bu icmanın bir parçası olmaqdan məmnunluq hissi keçirəcəyəm. 24media.az-da işləyərkən, jurnalistikanın müxtəlif sahələrində təcrübə qazanmaq imkanına sahib oldum. Anzulə xanımın təşəbbüsü ilə keçirilən təlimlər, seminarlar mənim üçün böyük bir qazanc oldu. Anzulə xanımın rəhbərliyi və mentorluğu ilə mən jurnalistika dünyasının müxtəlif aspektlərini dərindən öyrəndim. Onun vizyonu və təcrübəsi mənim üçün əvəzsiz mənbə oldu və mən onun sayəsində müxtəlif bacarıqlarımı inkişaf etdirdim. 24media.az mənə təkcə jurnalistik bilikləri vermədi, həm də mənim şəxsi inkişafıma böyük təsir göstərdi. Burada çalışmaq, mənə məsuliyyətli olmağı, komanda işini öyrətdi. Hər bir rubrika, hər bir məqalə mənim üçün yeni bir öyrənmə təcrübəsi oldu. Bu platforma mənə həm özümə güvənməyi, həm də başqalarına dəstək olmağı öyrətdi. 24media.az-da qurduğum əlaqələr mənim üçün çox dəyərli oldu. Burada tanış olduğum insanlar, mənim üçün sadəcə iş yoldaşları deyil, həm də dostlar və mentorlardır. Bu əlaqələr sayəsində mən jurnalistika sahəsində dəyərli təcrübələr əldə etdim və əlaqə şəbəkəmi genişləndirdim. Hər birimizin bir-birinə dəstək olduğu bu ailə, mənim üçün çox xüsusi bir yerə sahibdir. Mən 24media.az-ın bir hissəsi olmaqdan qürur duyuram və bu platformanın mənə verdiyi bütün imkanlar üçün minnətdaram. Mən buradan aldığım bilikləri və təcrübələri hər zaman qiymətləndirəcəm və hər zaman bu platformanın bir parçası olmaqdan məmnunluq hissi keçirəcəm. 24media.az, mənim üçün sadəcə bir sayt deyil, o ilham verən, inkişaf etdirən və xəyallarımı reallaşdırmağa dəstək olan möhtəşəm bir ailədir".

 

Vaxtilə 24media.az saytının əməkdaşı olan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Məryəm Abdullazadə isə bu sayt sayəsində bir illik təcrübə qazandığını və bir çox biliklərə yiyələndiyini qeyd edir:

 

"2023-cü ilin mart ayından etibarən 24media.az yenidən fəaliyyətə başlayanda bu saytın komandasına qoşuldum. Əslində, məndə əvvəldən sayt təcrübəsi var idi. Amma orada öyrəndiklərimi unutmuşdum. 24media.az komandasına qoşulmaqla həmin biliklərimi yeniləmiş oldum. Bu saytda həm müxbir, həm də redaktor kimi bir illik fəaliyyətim oldu. Hiss etdim ki, daimi yazı ilə məşğul olduqda bu mənə hərtərəfli müsbət təsir edir. Ümumiyyətlə, praktika, təcrübə hər baxımdan yaxşıdır. Fərq etmir ki, orada ömürlük qalacaqsan, ya yox. Bunun bir önəmi yoxdur. Təcrübə hər şeydən vacibdir. 24media.az isə mənə çox şey öyrətdi. Məsələn, mən orada hər dəfə müsahibələr aldıqda tərcümə materialları etdikdə yavaş-yavaş öyrəndim ki, nəyi düz və yaxud səhv edirəm. Danılmaz faktdır ki, hər saytın hər saytın üslubu olur. 24media.az-da üslub tamamilə fərqli idi. Biz oraya daha çox özəl müsahibələr, xarici mənbələrdən tərcümələr verirdik. Tərcümələr etikdə isə bizim dil biliyimiz yenilənirdi. Əlavə olaraq da müsahibələr aldıqda biz artıq müəyyən edə bilirdik ki, şöbə olaraq özümüzü Jurnalistikanın hansı sahəsində görürük. Siyasətmi, elm-təhsilmi, texnologiyamı və s. Bu baxımdan düşünürəm ki, 24media.az-ın mənə çox qatqıları oldu. Hazırda orada fəaliyyət göstərmirəm. Amma dediyim kimi bir il müddətində orada fəaliyyət göstərdim. Düşünürəm ki, bir baza olaraq çox yaxşı idi. Elə insanlardan müsahibələr aldım ki, birinci kursda oxumağıma rəğmən bu mənim üçün böyük uğur idi. Əvvəl mədəniyyət sahəsi ilə daha çox maraqlanırdım. Hazırda həmin sahə ilə çox maraqlanmıram. Amma bu mənim üçün böyük uğur oldu. Mən yeddi və səkkizinci sinifdə oxuyarkən televiziyada gördüyüm aktyorlardan nə zamansa müsahibə alacağımı ağlıma gətirməzdim. Ona görə də düşünürəm ki, 24media.az özlüyü ilə bir məktəb yaradıb. Buraya qoşulmaq istəyənlər və hazırda burada olanlar özlərini təkmilləşdirmək yolunda bir növ mübarizə aparıb, bunun üstündə çalışmalıdırlar".

 

Çinarə Muradova