Tarixin 525-ci səhifələrinə səfər...-Reportaj

Bölmə: MEDİA › ,
Tarix: 10:56 28.05.2024

Hava çiskinlidir, yağış yağır. Universitetin həyətindəyik. Print media fənninin seminarlarını tədris edən müəllimimiz Kənan Novruzovun səsini eşidirəm:

- "Bəlkə, yağış kəssin sonra gedək?" 

Qrup yoldaşım təkid edərək "Xeyr, müəllim, gözləməyək, gedək",- deyir.

Hara gedirik? Keçmişə, gələcəyə, yoxsa bu günü də, dünəni də, gələcəyi də özündə əks etdirən bir yerə?

Yağış yağmaqda olsun, biz isə iri addımlarla həmin yerə getməkdə. Yol boyu şirin söhbətlər edir, peşəmizdən danışırıq. Axı jurnalistə yağış, qar lap elə dolu özü də nə edə bilər ki? 

Yeri gəlmişkən, müəllim çox sürətlə gəzir. Ona çatmağa çalışırıq. Özümü saxlaya bilməyib deyirəm ki, bəlkə, sürəti azaldaq? Çevrilib təbəssümlə cavab verir ki, jurnalistlər həmişə harasa tələsirlər. Ancaq sürətini azaltmır.

Nəhayət, gəlib həmin yerə çatırıq. Liftlə üçüncü mərtəbəyə qalxırıq. Liftdən düşəndə gəldiyimiz yerin adı yazılan lövhə ilə qarşılaşdıq. Ad böyük şriftlərlə yazılıb. Bu zaman müəllimlərim- Zaur Babayevin, Kənan Novruzovun Print media dərsində keçdiyi qəzet şriftlərini xatırladım: keqli, punkt, arial, tayms newroman...

Qapını açıb içəri keçirik. Səssizlikdir. Kənan müəllimin rahat hərəkətlərindən hiss olunur ki, bura tez - tez gəlir və işçiləri tanıyır.

Əvvəlcə baş redaktorun müavini Yusif Rzayevin otağına keçirik. İlk baxışdan sərt görünən təxminən 50-60 yaşlarında bu adam kompüterdə nə isə yazır. Kənan müəllim, əvvəlcə, onunla görüşür, sonra bizi tanış edir. Yusif müəllim bizi səmimi qarşılayır. Amma həm də hiss olunur ki, fikrini işindən yayındırmaq istəmir.

Kənan müəllim Yusif müəllimdən qəzetin baş redaktoru və təsisçisi Rəşad bəyin harada olduğunu soruşur. Tədbirlərin çoxluğundan burada olmadığını, Mətbuat Şurasına getdiyi məlum olur. Əgər burada olsa idi bu, onunla neçənci görüşümüz olacaqdı? Türkmən yazıçıları ilə olan görüşü, müəllimim, professor Qulu Məhərrəmlinin kitab təqdimatında olan görüşlərimizi xatırladım...

Sonra digər otağa keçirik. Burada 5 nəfər var. Hər biri kompüter arxasında işləyir. Sürətlə yazırlar. Elə bil, harasa tələsirlər. Kənan müəllimin yolda ikən dedikləri yadıma düşür.

Nadir Yalçın bizi digər əməkdaşlarla tanış edir, onlar haqqında məlumat verir: " Baxın, o, Sevinc xanımdır ancaq siyasətdən və iqtisadiyyatdan yazır, o biri gördüyünüz xanım- Kəmalə xanım isə sosial yazılar yazır". 

Nadir bəyin gənc olmasına baxmayaraq işini yaxşı gördüyü, peşəsindən irəli gələrək tez ünsiyyət qura bildiyi aydın məlum olur.

İçəridəki qırıq kreslə diqqətimi çəkir. Kimsə deyir ki, bu barədə də yazmaq olar. Hamı gülür. Mənsə düşünürəm ki, görəsən, o qırıq kresloda əyləşərək neçə xəbərlər yazılıb, o xəbərlər ki, bəlkə, birini göyə qaldırıb, birini isə göydən endirib, bəlkə də, birini güldürüb, digərini isə məcazi olaraq ağladıb...Bir də düşündüm ki, əşyaların dili olsa idi, görəsən, nə deyərdilər, bax, elə bu qırıq kreslo kimi...Allah bilir nələrə şahidlik edib...

Sevinc xanım bizə siyasətdən, yazdığı xəbərlərdən, getdiyi yerlərdən, imzası olan reportajlardan fəxrlə danışır. Dediyinə görə o, müharibə olan ölkələrə gedib, oradan reportajlar hazırlayıb. Doğrudan da, bunu hər adam edə biməz, yalnız peşəsinə bağlı və qorxmaz olanlar bacarar. Doğrusu, həmcinsimlə qürur duydum. Özümə söz verdim ki, mən də onun kimi bir jurnalist olacam...

Sonra qəzetin məsul redaktoru İsgəndər bəy bizə qəzetlə saytın fərqindən söz açır, qəzetin maketinin hazırlanması prosesini göstərir. O danışdıqca dərsdə keçdiklərimiz yadıma düşür. Kənan müəllim, elə bil, ağlımdan keçənləri hiss edirmiş "bunları kollekviumda soruşacam ha..."deyir.

Hazırda həm də "525" də çalışan daha bir gənc müəllimimiz Qoşqar Bəylərovdan söz düşür. İndi təhsili ilə əlaqədar Türkiyədədir. Nadir bəy dərhal zəng edir. Görüntülü danışırıq. Hələ ki, bizə dərs deməsə də, səmimi və mehriban biri olduğu hiss olunur.

İsgəndər bəy "Uşaqlar, gəlin, sizə daha maraqlı bir şey göstərəcəm",- deyir və otaqdan çıxır. Maraqla onun arxasınca gedirik.

Tarixi öz səhifələrində qalaq- qalaq yığmış A3 formatında iki kitab stolun üstünə qoyulur. Təəccüblə baxıram. Axı o kitablarda nə var? Kitabın ilk səhifəsi açılır. Təəccübümün yersiz olmadığını görürəm. Bir kitabda qəzetin 1990- cı illərdə olan sayları dərc edilib, digərində isə 2003- cü ildə olan. Bir ildə nə qədər hadisə olarmış deyə düşünürəm. Kitabı vərəqləməyə başlayıram. Kiril qrafikası ilə yazılıb. Bu qrafikanı yaxşı bilirəm. Kitabda olan qəzet səhifələrindəki sərlövhələri oxuyuram. Hər biri bir jurnalistin, necə deyərlər, əlinin əməyi, gözünün nuru imzası idi. Oxuduqca görmədiyim illərin təsvirini qurur, dərin düşüncələrə dalıram.

Bu vaxt bir səs məni bu fikirlərdən ayırır. İsgəndər bəy deyir ki, bilirsiniz, ilk krossvord məhz bizim qəzetdə yayımlanıb...

Nadir bəy sevdiyi kitablardan bizə hədiyyə verir. Kimin şeirlə maraqlandığı barəsində bizə suallar ünvanlayır. Qürurla "Mən şeir yazıram" deyirəm. "Hə, onda bu kitab sənin olsun" deyib şeirlər yazılan kitabı və Şuşa haqqında 2 Azərbaycan jurnalını mənə verir. Şuşalıyam. Vətəni bölgələrə ayırmağı sevmirəm amma mən bununla qürur duyuram, ümumiyyətlə bütöv Azərbaycanla qürur duyuram.

Hə, sonda isə bu anı əbədiləşdirmək üçün xatirə fotosu çəkirik. 

Tarixi bir gün, tarixi bir yer, xoş insanlar və xoş münasibət...

Növbəti stansiya Elmlər...Doğma universitetim- BDU- ya gəlib çatdım. Bu günlük bu qədər...

Hə, son olaraq bəs siz bildiz biz harada idik? Yenə də deyim ölkənin "525- ci qəzet"ində...

 

Banuçiçək Kalbalıyeva