Suriya Prezidenti Türkiyəyə səfər edəcək

Tarix: 21:23 07.04.2025
Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəra, Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyadakı son hadisələr, iqtisadiyyatın bərpası, Suriyada sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar müzakirə ediləcək.
Mövzu ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Suriya Yaxın Şərqdə xaosun qaynaqlarından biri olan dövlətdir:
“Bildiyimiz kimi, Birləşmiş Ştatlar “Ərəb Baharı” adı altında bir neçə ərəb dövlətində dövlət çevrilişi edərək hakimiyyət dəyişikliklərinə səbəb oldu. Suriyada isə Bəşər Əsəd Amerikanın bu işğalçılıq niyyəti və demokratiya ideyası adı altında həyata keçirdiyi çevriliş cəhdinə qarşı müqavimət göstərdi. Bundan sonra Suriyada xaos başladı və Bəşər Əsəd rejimi bu xaosun qarşısını almaqda aciz qaldı.
Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyada yeni bir situasiya yarandı. Hakimiyyətə gələn yeni qüvvələr fərqli bir “dəstxətt” formalaşdırmağa çalışırlar. Suriyada hazırda böyük güclərin maraqları toqquşur. İndiki Suriya rəhbərliyi isə bu maraqları uzlaşdırmaq məcburiyyətindədir.
Eyni zamanda, Suriya dövləti və xalqı gələcək fəaliyyətlərini hansı prinsiplər üzərində quracaqlar: dünyəvi dövlət modeli, yoxsa dini dəyərlərə əsaslanan bir sistem?
Artıq proseslər göstərir ki, Suriya rəhbərliyi ilə Türkiyə arasındakı əməkdaşlıq Suriyanın gələcəyinin Türkiyə modeli əsasında formalaşacağına işarədir. Suriyanın Türkiyənin böyük dəstəyinə ehtiyacı var. Çünki Suriyada stabilliyin bərqərar olunması üçün bu əsas şərtlərdən biridir. Suriya ilə Türkiyə sərhədlidir və Suriya ərazisində terror təşkilatlarının böyük bazaları mövcuddur. Bu təşkilatlar Suriya ərazisindən Türkiyəyə qarşı təzyiqlər yaradır. Həmçinin, qeyri-qanuni silahlı birləşmələrin və xarici hərbi qüvvələrin Suriya ərazisindən çıxarılması üçün yeni hakimiyyət bütün imkanlardan istifadə edir.
Bundan əlavə, Suriyanın Türkiyənin həm siyasi, həm iqtisadi, həm də hərbi dəstəyinə ehtiyacı var. Unutmayaq ki, Bəşər Əsədin hakimiyyəti dövründə yaranmış xaosun nəticəsində milyonlarla qaçqın Türkiyəyə sığındı. Türkiyə dövləti Suriya qaçqınlarını qəbul etdi, onların yerləşdirilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasında böyük rol oynadı.
Hesab edirəm ki, iki dövlət başçısının tez-tez görüşməsi regionda sabitliyin yaranmasına səbəb ola bilər. Hazırda Suriyada İsrail-Suriya qarşıdurması mövcuddur. İsrail ordusu Suriyanın ərazisinin bir hissəsini nəzarətdə saxlayır. Təbii ki, bu proseslər fonunda Türkiyə ilə İsrail arasında münasibətlərdə müəyyən soyuqluq yaranıb. Düşünürəm ki, bu soyuqluq da zamanla aradan qaldırıla bilər. Bu münasibətlərin yaxşılaşmasında Azərbaycanın və Azərbaycan Prezidentinin də böyük rolu ola bilər. Çünki Azərbaycan ilə İsrail arasında sıx dostluq münasibətləri mövcuddur".
Çimnaz Telmanqızı