Özgür Özəl və CHP-nin gələcəyi

Tarix: 21:46 07.04.2025
Dünən, 6 aprel Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna seçki keçirilib. Səsvermənin nəticələrinə görə, Özgür Özəl 1171 səslə yenidən CHP sədri seçilib.
Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Özgür Özəlin CHP sədri seçilməsi partiyanın gələcək tarixi baxımından ciddi bir dəyişiklik vəd etmir, çünki bu partiyanın perspektivləri hazırda çox da ümidverici deyil:
"Lakin onun yenidən sədr seçilməsi daha çox CHP-nin daxilindəki qruplar arasındakı hesablaşmaların inkişaf istiqamətləri baxımından əhəmiyyətli ola bilər. Çünki məlumdur ki, Özgür Özəl bundan əvvəl Əkrəm İmamoğlunun dəstəyi ilə CHP sədri seçilib və İmamoğlu partiyanı Özəl vasitəsilə kənardan idarə edirdi. Lakin indi Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə həbs olunub və Özgür Özəlin yenidən partiya sədri seçilməsi müəyyən mənada İmamoğlunun təsir dairəsindən çıxma şanslarını artırıb. Bu da onu İmamoğlundan asılı olmayan bir siyasi liderə çevrilmək imkanı ilə qarşı-qarşıya qoyur. Lakin onun bu şansdan necə istifadə edəcəyi hələlik məlum deyil.
Çünki CHP-nin daxilində ciddi gərginliklərin olduğu bildirilir və qruplar arasındakı mübarizə artıq son həddə çatıb. Hətta Əkrəm İmamoğlunun həbsinin partiya daxilindəki bu mübarizənin nəticəsi olduğu barədə məlumatlar var. İmamoğlunun əleyhinə ifadə verən və korrupsiya sənədlərini prokurorluğa təqdim edən şəxslərin hamısı CHP üzvləridir. Digər tərəfdən, Kamal Qılıncdaroğluna yaxın olan qrupların Özgür Özələ qarşı mübarizə aparacağı gözlənilir".
Politoloq qeyd edib ki, partiya daxilində vəziyyət olduqca gərgindir:
“Bu şəraitdə CHP-nin siyasi meydanda duruşunu ortaya qoyması çətinləşir, çünki hakimiyyət kifayət qədər güclüdür. Belə güclü hakimiyyətlə mübarizə aparmaq üçün CHP əsasən xarici dəstəyə ümid edirdi. Lakin qlobal siyasi konfiqurasiyanın dəyişməsi CHP-yə sarsıdıcı bir zərbə vurub. Bunun son nümunəsini Əkrəm İmamoğlunun həbsində müşahidə etdik. Əgər bu hadisə başqa bir dövrdə baş versəydi, Qərbdən ciddi reaksiyalar olardı. Lakin ABŞ İmamoğlunun həbsini Türkiyənin daxili işi hesab edərək bu məsələdə hər hansı bir müdaxiləni rədd etdi. Avropa Birliyi ölkələri də CHP-yə gözlənilən dəstəyi göstərmədilər. Hətta CHP rəhbərliyi, xüsusən də Özgür Özəl Böyük Britaniyanın susqunluğundan şikayət etdi.
Bu səbəbdən CHP-nin hazırkı vəziyyəti uğurlu hesab edilə bilməz. Bütün bu məqamları nəzərə alaraq, Özgür Özəlin 2028-ci il prezident seçkilərində CHP üçün uğur qazana biləcəyi ilə bağlı ciddi şübhələr mövcuddur. Çünki partiya daxilindəki qarşıdurmalar son həddə çatıb və 2028-ci ilin seçkiləri yaxınlaşdıqca bu gərginlik daha da artacaq. Özgür Özəl prezidentliyə namizədlik uğrunda mübarizədə Əkrəm İmamoğlunun həbsdə olmasına baxmayaraq, onunla rəqabət aparmaq məcburiyyətində qalacaq. Bundan əlavə, başqa namizədlərin də meydana çıxması ehtimalı var. Çünki Ankara bələdiyyə başqanı Mənsur Yavaşın nüfuzu və reytinqi Özgür Özəldən daha yüksəkdir.
Bütün bunlar göstərir ki, CHP və Özgür Özəl üçün yaxın gələcəkdə olduqca çətin və gərgin bir dövr gözləyir. Bu dövrdən CHP-nin və onun yeni sədrinin necə çıxacağı isə hələlik qeyri-müəyyəndir".
Aytən Ağazadə