Google-un icraçı direktoru: "Texnologiyanın inkişafından narahatam"
Bölmə: MEDİA › ,Tarix: 18:25 20.04.2023
Texnologiya nəhəngi Google-un baş icraçı direktoru Sundar Piçai texnologiyanın sürətli inkişafından narahatlığını ifadə edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, CBS telekanalının "60 Minutes" proqramına müsahibə verən Piçai cəmiyyətin süni intellekt texnologiyasından istifadəyə uyğunlaşması lazım olduğuna dair narahatlığını ifadə edib.
O, süni intellektin "hər şirkətdəki hər məhsula təsir edəcəyini" xəbərdar edərək, yazıçılar, mühasiblər və proqram mühəndisləri kimi "bilik işçilərinin" daha çox təsirlənəcəyini əlavə edib.
Piçai “Məsələn, əgər siz radioloqsunuzsa, 5-10 il sonranı düşünsəniz, yanınızda süni intellekt üzrə bir həmkarınız olacaq” deyib.
Texnologiya nəhənginin rəhbəri süni intellektdən istifadə etməklə saxta xəbərlərin asanlıqla hazırlana biləcəyi barədə də xəbərdarlıq edib. O, "ictimai miqyasda" süni intellektlə asanlıqla istehsal oluna bilən bu cür mesajların "çox zərər verə biləcəyini" əlavə edib.
Onun sözlərinə görə, süni intellektdən imtina etmək əvəzinə, onun istifadəsi insani dəyərlərə, o cümlədən əxlaqa uyğun şəkildə və daha çox qanunlarla tənzimlənə bilər.
Fatima