“Yeni medianın yaratdığı yeniliklər daşlaşan qaydalarda dəyişikliyə səbəb olmayıb”

Bölmə: MEDİA › ,
Tarix: 17:44 25.04.2023

İnternet texnologiyalarının sürətli inkişafı nəticəsində insanlar artıq gün ərzində baş verənlərlə bağlı televiziya və radioda yayımlanan proqramları, qəzetlərdə dərc olunan uzun yazıları gözləməyə ehtiyac duymur. Yeni medianın zamansızlıq və məkansızlıq xüsusiyyətlərindən yararlanaraq jurnalistlər anındaca insanları hər şeydən xəbərdar edir, gündəmdə olan, aktual mövzularla bağlı maraqlı kontentlər hazırlayırlar. Bu zaman ortaya diqqət yetirilməsi gərəkən vacib məqamlar çıxır. Belə ki, günümüzdə çox olay baş verdiyi üçün hansının xəbər əhəmiyyətli olduğunu bilmək önəmlidir. Eləcə də xəbər kontenti hazırlamağın mərhələləri, faktın yoxlanılması, mənbə ilə iş kimi məsələlər prioriet təşkil edir.

 

Yeni media jurnalistikasında xəbər kontenti hazırlamaqla bağlı ətraflı məlumat üçün Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadəyə müraciət etdik.

 

Yeni media jurnalistikasında xəbər kontentini ərsəyə gətirmək hansı mərhələlərdən keçir?

- Bu suala cavab verərkən, eyni zamanda bir redaktorun, müxbirin, bütövlükdə media subyektinin gündəlik iş prosesi haqqında danışmış oluruq. Əksər jurnalistlər sosial şəbəkələri, saytları, qismən də olsa, televiziyaları mütəmadi izləyirlər və son hadisələr haqqında məlumatlı olurlar. Hər gün redaksiyalarda səhər toplantıları keçirilir və gündəlik işlənəcək mövzular müzakirə olunur. Baş redaktor, redaktor və ya müxbir mövzular təklif edir, onun yeniliyi, əhəmiyyəti, aktuallığı, oxucular üçün faydası barədə fikirlər səsləndirilir. Mövzunu təklif edən şəxs onun vacibliyi, əhəmiyyətini izah etməli, əsaslandırmalı və yazılmağını zəruri edən arqumentləri ortaya qoymalıdır. Müəllif mövzunu belə əsaslandıra bilər: “Burada yeniliklər var, yaxud hər hansı bir məsələ baş verib, amma gizlədilib, ört-basdır edilib. Mövzunu yazmaqda məqsədim, cəmiyyətin bu məsələdən məlumatlı olmasıdır”. Əgər mövzu qəbul olunur və təsdiqlənirsə, jurnalist onu hazırlamaq üçün fəaliyyətə başlayır. Bunun üçün o, hər şeydən əvvəl, kimlərə müraciət edəcəyini müəyyənləşdirməlidir. Bu informasiya ilə bağlı neçə nəfərin mövqeyi öyrəniləcək? İlk olaraq kimdən başlanılacaq, əgər cavab qaneedici olmayacaqsa, onda kimlərə müraciət etmək lazımdır? Burada qarşı tərəf varmı, fikrini öyrənmək lazımdırmı? Mütəxəssis fikrinə ehtiyac varmı? Bütün bu suallar hamısı aydınlaşdırıldıqdan sonra jurnalist müsahiblərin telefonlarını, əlaqə vasitələrini müəyyənləşdirir və onlarla əlaqə saxlamağa başlayır. Müxbir müsahibələri aldıqdan sonra hansı informasiyaları əldə etdiyini bilir. Bəzən yazıya başlamamışdan əvvəl hansı müsahiblərlə əlaqə saxladığını, onların nə danışdıqlarını redaktorla məsləhətləşir. Burada da qısa müzakirə olur, sonra xəbəri kontingentinin, məzmununun formalaşdırılması başlayır. Xəbərin məzmununun nədən ibarət olması informasiyalar əldə etdikdən, müzakirədən sonra müəyyənləşir.

Növbəti addımda jurnalist kompüterin önünə keçir, əldə etdiyi məlumatlar əsasında öz beynində bu məzmunu formalaşdırır və yazmağa başlayır. Xəbərin birinci cümləsində əlimizdə olan materialdan ən vacib, yeni, cəmiyyətə xitab edəcək olanı seçmək lazımdır. O cümlə elə olmalıdır ki, başlıq da oradan formalaşdırılsın. Yəni, başlıqla birinci cümlə bir-biri ilə uyğunluq təşkil etməlidir. Jurnalist xəbəri yazıb yekunlaşdırdıqdan sonra onu oxuyur və redaktora materialın hazır olduğu barədə məlumat verir. Növbəti mərhələdə artıq redaktorun işi başlayır. O materialı oxuyur, aydınlaşdırılacaq məsələlər varsa, müxbirdən təkrar soruşur. Tam dəqiq olsun deyə, bəzən özü müsahibin səsinə qulaq asa bilər. Redaktor müsahibin nə demək istədiyini, hansı informasiyanı, mesajı verib, hansını gizlətdiyini xəbəri oxuya-oxuya, redaktə edə-edə tam aydınlaşdırır. Xəbər hazır olduqdan sonra isə foto və ya video əlavə edilir. Multimedia elementləri məlumata uyğun olmalıdır. Əgər yeni bir foto çəkilibsə, onun üstünə mütləq loqo vurulmalıdır. Materiala hadisə yerindən çəkilən yeni foto və video əlavə olunarsa, bu barədə multimedia elementlərinin altında qeyd vermək lazımdır. Əgər foto və video şərtidirsə, təbii ki, onu da fərqləndirmək lazımdır.

Bu mərhələ də yekunlaşdıqdan sonra xəbər kontentinin yaradılması tam başa çatır və oxuculara təqdim edilir.

 

Onlayn jurnalistikada xəbər kontenti hazırlayanda nələrə diqqət yetirilir?

- Onlayn jurnalistika yarandığı gündən indiyə qədər burada əsas müzakirə olunan məsələ dəqiqlik və operativlikdir. Çünki çap mediasının, televiziyaların xəbər yaymağından fərqli olaraq onlayn jurnalistikada saniyələrin mübarizəsi gedir. Əvvəllər çap mediasında qəzetin dərc etdiyi xəbərin bir günlük ömrü var idi, yəni növbəti nömrəsi çap olunana qədər həmin qəzetdə əks olunan xəbərlər, materiallar yeni hesab olunurdu. Artıq onlayn jurnalistikada dəqiqələrin, hətta saniyələrin mübarizəsi gedir. Xəbəri kim tez yayırsa, ilkin mənbə həmin xəbəri yayan media subyekti hesab olunur. Ona görə də onlayn medianın kollektivi üçün gün ərzində xəbərləri yayan zaman saniyələrin belə böyük əhəmiyyəti var. Bu onlayn jurnalistikada xəbərin operativlik hissəsinə aid olan məsələdir. Xəbərin yayılma sürəti dəyişsə də, obyektivliyi və dəqiqliyi məsələsi əvvəlki kimi qalır. Yeni medianın yaratdığı bir çox gerçəkliklər, yeniliklər var, amma bu, jurnalistikanın bir çox sahələrində əvvəllər mövcud olan, daşlaşan bəzi qaydalarda heç bir dəyişikliyə səbəb olmayıb.

Onlayn jurnalistika inkişaf etdikdən sonra uzun illər müzakirə olunan məsələlərdən biri də obyektivlik və dəqiqlik məsələsi idi. Zaman keçdikcə hamı bu qənaətə gəldi ki, xəbərin dəqiqliyini heç nəyə qurban vermək olmaz. Onlayn jurnalistikada xəbəri yeniləmək, onun məzmununda, başlığında dəyişiklik etmək mümkün olsa da, hər hansı güzəşt mümkün deyil. Amma buna baxmayaraq, yenə də informasiyanın dəqiqliyi öz vacib əhəmiyyət və önəmini qoruyub saxlayır. Artıq onlayn jurnalistikanın inkişafı müasir dövrdə informasiyanın operativliyi ilə yanaşı, onun dəqiqliyini də paralel şəkildə həyata keçirməyin mümkün olduğunu göstərir. Xəbərin bu iki vacib elementində axşama olsa, həmin xəbər artıq başqa media subyektlərində dərc olunur, sosial şəbəkələrdə sürətlə yayılır. Bu halda isə xəbərin ilkin mənbəyinə istinad olunmalıdır.

Hazırda KİV-lər, onlayn jurnalistika sahəsində fəaliyyət göstərən media subyektləri xəbəri yalnız özlərinin veb saytlarında deyil, sosial şəbəkələri vasitəsilə də yayırlar. Bu da xəbərin kütləvi şəkildə axınına gətirib çıxarır. Xəbər hazırlayarkən vacib elementləri götür-qoy etməli və qısa müddət ərzində qərar verməliyik. Onlayn jurnalistikada xəbər kontingenti hazırlayan zaman aydın, orijinal, digər media subyektləri ilə rəqabətdə daha təkmil olmasına fikir vermək lazımdır. Xəbər aydın dildə yazılmalı, oxucular üçün tamamilə anlaşılan olub, onların maraqlarına cavab verməlidir. Xəbər kontingenti hazırlayarkən cəmiyyətin bütün təbəqələrinə xitab etməsi üçün onun bir neçə parametrinə, vacib elementinə diqqət etməliyik. Xəbər cəlbedici başlıqla təqdim edilməli, maraqlı olan hissəsi öndə verilməlidir. İnsanların xəbərdən yan keçməməsi, onu maraqla oxuması üçün orijinal başlıq seçimi də əsas elementlərdəndir.

 

Yeni media jurnalistikasında olayın xəbərə çevrilməsi üçün hansı şərtlər vacibdir?

Sosial şəbəkələrin getdikcə genişləndiyi, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə, az qala hər dəqiqə yeni bir olaya şahidlik edirik. Həyatın müxtəlif sahələrində cərəyan edən prosesləri əks etdirən bu olayların hamısının xəbər əhəmiyyəti olmur. Olayın xəbərə çevrilməsi üçün onun ilk növbədə cəmiyyəti hansı dərəcədə maraqlandırdığına diqqət etmək lazımdır. Ölkə əhəmiyyətli, dünya miqyaslı olaylarla bağlı məlumatlar mütləq yazılmalı, xəbərə çevrilməlidir. Bura cəmiyyəti maraqlandıran, insanların taleyinə, gündəlik sosial həyatına təsir edən məsələlər daxildir. Cəmiyyət olayların baş verdiyi sahələrdə olan yeniliklərdən xəbər tutmaq istəyir. Bu zaman olaylar xəbər yükünə malik olur və onları işıqlandırmaq lazımdır.

Olayların əhəmiyyətinə diqqət etmək lazımdır. Sosial şəbəkələrin, informasiya texnologiyalarının inkişafından irəli gələrək olayların sayı da gün ərzində çox olur. Bəzən hər hansı bir olay sosial şəbəkədə geniş müzakirələrə səbəb olur. Başlanğıcda diqqəti cəlb etməsə də, gün ərzində bu olaya çox insan diqqət edir, onun ətrafında əlavə proseslər baş verir, hansısa yeni olayın cərəyan etməsinə, baş verməsinə təkan olursa, artıq bu olay xəbərdir. Gündəlik media subyektinin yaydığı xəbərlər arasında o olayla bağlı xəbərin olmamağı bir növ həmin media subyektini geri atır, ona olan diqqəti azaldır. İnsanlar media subyektinin xəbər lentində həmin olayla bağlı xəbərə rast gəlmədikdə avtomatik olaraq digər media subyektinə yönəlirlər. Ona görə də olayların əhəmiyyəti məsələsi dərhal qiymətləndirilməlidir. Olayın nə qədər önəmli olması, cəmiyyəti maraqlandırmasına, insanların gündəlik həyatına, sosial durumuna, hər hansı bir məsələ ilə bağlı mövqe müəyyənləşdirmələrinə nə dərəcədə təsir göstərdiyinə baxmaq lazımdır. Bəzən isə önəm daşımayan olaylarla bağlı xəbərlərə rast gəlirik. Tutaq ki, iki maşın toqquşub, amma xəsarət alan yoxdur, avtomobillərə də ciddi ziyan dəyməyib. Bu artıq xəbər əhəmiyyəti olmayan olaydı. Kriminal sahədə müəyyən olaylar olur, iki nəfər dalaşır, nəticədə ciddi xəsarət alan olmur, kiməsə ciddi ziyan dəymir, yaxud kiminsə məqaləsi, kitabının dərc olunmasını, hər hansı auditoriyada mühazirə deməsini olay kimi qiymətləndirsək, heç bir xəbər əhəmiyyəti olmur. Belə xəbərlər yalnız o şəxslərin özlərini maraqlandırır, cəmiyyət buna diqqət ayırmır. Bundan başqa sahəvi olaylarla bağlı xəbərlərə də xüsusi diqqət yetirilməlidir. Deyək ki, baytarlıq sahəsində cəmiyyətin bütün təbəqələri üçün önəmli olmayan dəyişiklik baş verib. Sadəcə həmin sahədə çalışan insanlar onunla maraqlanırlar və nə baş verdiyini, hansı dəyişikliyin olduğunu bilmək istəyirlər. Belə olayları xəbər yükü olmayanlar kateqoriyasında göstərə bilərik. Bir neçə şəxsin maraqlarına cavab verən olayları həmin şəxslər özlərinin reklamlarına çevirmək istəyirlər. Belə olayların da üstündən sükutla keçib, onları yeni media jurnalistikasında xəbərə çevrilə biləcək olay kimi qəbul etmirik. Nəzərə almaq lazımdır ki, gün ərzində çox böyük hadisələr baş verir. Nəticə etibarilə xırda olayları xəbərə çevirmək fiziki cəhətdən mümkün və sərfəli deyil.

 

Xəbərdə multimedia elementlərindən istifadə qaydaları

İstər çap, istərsə də onlayn mediada foto və video görüntülərdən effektiv istifadə böyük önəm daşıyır. Xəbər, müsahibə, reportaj vizual görüntülərlə tamamlanmalıdır.

İnformasiya texnologiyalarının və sosial şəbəkələrin sürətlə inkişaf etdiyi bir dövrdə multimedia elementlərindən istifadə media subyektlərinin yaydığı materialı daha samballı edir. Çünki bəzən bir foto və ya qısa videogörüntü böyük bir məqalədən daha çox informasiya verir. Ona görə də kütləvi informasiya vasitələrinin özünün ayrıcı fotoqrafı və video-operatoru olmalıdır. Hər bir media subyekti hadisə yerindən, böyük sammit və konfranslardan, cəmiyyətin diqqət və maraqla izlədiyi olayların baş verdiyi məkanlardan foto və video yaymağa çalışmalıdır. Bura tanınmış və nüfuzlu şəxsiyyətlərin portret fotoları da daxildir.

 

Yeni media jurnalistikasında faktın yoxlanılması və mənbə ilə iş necə qurulur?

Bəzən baş verən hadisələr haqqında rəsmi qurumlar informasiya yaymamışdan və ya məlumat media subyektlərinə çatmamışdan əvvəl sosial şəbəkələrdə yayılır. Bundan başqa, jurnalistlər gün ərzində öz kanalları vasitəsilə müxtəlif xəbərlər əldə edirlər. Amma təbii ki, bütün hallarda faktın yoxlanılması məsələsi ortaya çıxır. Hazırda bunu bir neçə formada reallaşdırmaq mümkündür. Birincisi, əgər xəbəri dövlət qurumu, ictimai təşkilatlar, siyasi partiyalar, rəsmi qurumun tabeliyindəki, strukturuna daxil olan subyektlərin mətbuat xidməti və ya hər hansı rəsmi təmsilçi yayıbsa (məlumat qurumun rəsmi veb-saytında, sosial şəbəkə hesablarında yerləşdirilə, e-poçt vasitəsilə media subyektlərinə göndərilə bilər), burada faktın dəqiqləşdirilməsinə ehtiyac yoxdur, çünki informasiya rəsmi xarakter daşıyır. Rəsmi qurumun yaydığı məlumatın fakt kimi dəqiqləşdirilməsi zərurəti yalnız o halda yarana bilər ki, həmin informasiya şəxs haqqında ittiham və ya hər hansı formada şəxslə bağlı olsun. Belə olanda isə bu, faktın yoxlanılmasından daha çox qarşı tərəfin mövqeyini öyrənmək zərurəti kimi qavranıla bilər. İkincisi, xəbər sosial şəbəkələrdə yayılılıbsa, bunu fakt kimi qəbul etmək olmaz və mütləq rəsmi qurumlarla, orada adı çəkilən şəxslərlə dəqiqləşdirilməlidir. Bunun üçün dövlət qurumuna, siyasi partiyalara, ictimai təşkilatlara rəsmi informasiya sorğusu vermək, vəzifəli şəxslərə telefonla zəng etmək, sosial şəbəkə hesablarından sual ünvanlamaq mümkündür. Yalnız həmin informasiya təsdiqlənərsə, fakt kimi qəbul qiymətləndirilə və xəbər kimi yayıla bilər. Amma hazırda jurnalistikda tez-tez özünü biruzə verən başqa bir problem də var: rəsmi qurumlar, o cümlədən şəxslər informasiyanın yayılmasından daha çox onu gizlətməkdə, dolayısı ilə faktı təsdiqləməkdə deyil, gizlətməkdə, inkar etməkdə maraqlıdırlar. Belə olan təqdirdə isə media subyektinin və jurnalistin öz mənbələrinin olması məsələsi aktuallıq qazanır. Dünyanın bütün aparıcı media quruluşlarının öz mənbələri var. Onlar tez-tez həmin mənbələrə əsaslanaraq xəbərlər yayırlar. 

Ona görə də hər bir jurnalistin öz xəbər mənbələri olmalıdır. Amma bu zaman elə şəxslər seçilməlidir ki, onlar ilkin mənbəyə yaxın, informasiyanın içində və etibarlı olsunlar. Əgər mənbənin xəbərləri ard-arda səhv çıxarsa, ona etibar etmək, verdiyi məlumatı başqa mənbələrlə dəqiqləşdirmədən yaymaq olmaz. Media subyekti, jurnalist hər zaman informasiya mənbəyini gizli saxlamalı, hətta məhkəməyə verilərsə belə onu açıqlamamağa çalışmalıdır. Bu özəl xəbəri mənbəyini qorumaq, eyni zamanda informasiyanı verən şəxsin həyatını təhlükəyə atmamaq üçün vacibdir.

   “Media haqqında” qanunun tələblərinə görə, məsul redaktor və ya jurnalist yalnız bəzi hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:

  1. insan həyatının müdafiəsi üçün;
  2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;
  3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.

 

Nigar Mövsumova