Mədəni-estetik dəyərlərin qorunmasında medianın rolu

Bölmə: MEDİA › ,
Tarix: 13:57 27.04.2023

Mədəniyyət hər bir xalqın milli kimliyidir, desək yanılmarıq. Onun tarixi millətin və xalqın keçmişinə yönələn bir aynadır. Çünki tarix belə saxtalaşdırıla bilər, amma mədəniyyət əsla. Çünki mədəniyyət istedadla yanaşı, birbaşa doğulduğumuz və böyüyüb boya-başa çatdığımız torpaqla da bağlıdır.

 

“Üzeyir ömrü” filmində Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri olan məşhur xanəndə Cabbar Qaryağdıoğlunun söylədiyi kimi - “Bizim Qarabağda uşaqlar elə beşikdə ağlayanda muğam üstündə ağlayırlar”. Məhz həmin Qarabağ bizim Mədəniyyət beşiyimiz, sənət məbədimizdir. O sənət məbədi ki, onun hər qarışı mədəniyyətin izlərini daşıyır. Ümumilikdə isə Azərbaycan başdan-başa mədəniyyət mərkəzidir. Çünki onun musiqisində də, ədəbiyyatında da, kinosunda da, kulinariyasında da, bir sözlə bütün yaradıcı fəaliyyət növlərinin hər birində mədəni dəyərləri ən incə məqamları ilə hiss etmək mümkündür.

 

Əslində mədəniyyət ən dəyərli mirasdır. Dünəndən bu günə, bu gündən gələcəyə sənət körpüsüdür. Əcdadlarımızın ruhu qopan mədəni-estetik dəyərləri yaşatmaq isə hər bir fərdin vətəndaşlıq borcudur. Bu məqamda milli mənəvi dəyərlərimizin qorunması və geniş şəkildə təbliğ edilməsində medianın da rolunu qeyd etmək lazımdır.

 

Azərbaycan mətbuatı “Əkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və indi də bu yolu davam etdirməkdədir. Bu gün Azərbaycan mediası milli adət-ənənələrimiz, milli ideologiyamız, tariximiz, dilimiz və dinimizi qorumaq, bu dəyərlərimizi gənc nəslə təbliğ etmək işinə böyük töhfə verir. Bu gün ölkəmizdə fəaliyyət göstərən dövlət qurumlarının elə bir tədbiri yoxdur ki, mediada işıqlandırılmasın.

 

Mediada bu istiqamətə xüsusi diqqət həm də milli mənəvi dəyərlərimizi yad təsirlərdən qorumaq, bu mövzunu daim gündəmdə saxlamağa xidmət edir. Ümumilikdə isə Azərbaycanın müstəqilliyi ölkədə KİV-in azad inkişafı ilə yanaşı, xalqımızın qloballaşan dünyada özünün milli-mənəvi dəyərlər sistemində yaradıcı fəallığının artmasını, xalq sənətinin və mədəniyyətimizin zənginləşdirilməsi prosesini gücləndirdi. Bu prosesdə KİV, o cümlədən televiziyanın rolu xüsusi əhəmiyyətə malikdir. Lakin günümüzün ən aktual problemlərindən biri də inkişafda olan mətbuatımızın bu işdə həmrəy olmamasıdır. Çünki bir neçə media qurumunun adət-ənənələrimizi, musiqimizi, kinomuzu, sənətkarlığımızı təbliğ etdiyi halda digərlərinin mədəniyyətdən kənar qalması zəngin tarixi olan xalqın mədəniyyətini öldürmək deməkdir.

 

Cəmiyyətinn savadlı şəkildə inkişafı, asudə vaxtının səmərəli keçirilməsi üçün günün önəmli saatlarında verilən verilişlərin formatı mütləq nəzərə alınmalıdır. Tamaşaçını ekrana sadəcə şou ilə deyil, yüksək keyfiyyətli verilişlərlə də bağlamaq olar. Ucuz şounu yüksək mədəniyyətlə əvəz edə bilmək özü də peşəkar jurnalistikanın göstəricisidir. Hər bir televiziya kanalında sırf mədəni-estetik dəyərlərin aşılandığı verilişlər, ölkədə və dünyada baş verən ən önəmli mədəniyyət hadisələrini əks etdirən ayrıca xəbərlər buraxılışının olması da bu iş üçün atılan addımların başlanğıcı ola bilər. Əslində efirdə mədəniyyətsizliyə qarşı senzura qoyulmalıdır. Verilişlərin mövzu dairəsinin, dəvət edilən qonaqların tamaşaçıya nə qazandıracağının təhlili mütləq şəkildə aparılmalıdır. Müxtəlif online media hesabları yaradılmalı, ölkəmizlə bağlı ən azı iki üç dildə informasiyalar mütəmadi olaraq yerləşdirilməli və dünya ictimaiyyətinə çatdırılmalıdır. Çünki bu inkişafımızın təməl prinsipləri sırasında xüsusi yer tutur.

 

Unutmayaq ki, gücün, birliyin və həmrəyliyin göstəricisi olan mədəniyyət özü ən güclü silahdır. Ondan düzgün istifadə bizi inkişafa, əksi isə cahilliyə və uçuruma aparar.

Natəvan Abbaslı