"Heydər Əliyevin mətbuatın nəzəriyyəsini çox gözəl şəkildə bilməsi bizim üçün müəyyən yolların açılmasına şərait yaradırdı"- Aynur Nəsirova
Bölmə: MEDİA › ,Tarix: 12:45 10.05.2023
Bu gün Ulu Öndər, Ümummilli Lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 100 illik yubileyidir.
Heydər Əliyev müstəqil və müasir Azərbaycanın qurucudur. Onun ölkənin hər sahəsində etdiyi islahatlar, gördüyü işlər Azərbaycan tarixində misilsiz rol oynayır.
Ulu Öndər hər bir sahəyə xüsusi qayğı göstərməklə yanaşı, habelə mətbuat sahəsində də əvəzsiz işlər görüb.
BDU-nun dosenti, jurnalist, ARB telekanalının direktorunun müşaviri Aynur Nəsirova İNFORMATOR.AZ-a açıqlamasında Heydər Əliyevlə bağlı xatirələrindən danışıb:
"Ulu öndərin 100 illik yubileyinin münasibəti ilə onun mətbuat ilə olan əlaqələrindən danışmaq mənim üçün nə qədər məsuliyyətli olsa da, bir o qədər qürurvericidir. Qürurverici olmasının səbəbi isə 2000-ci illərdə məhz bu münasibətlərin mərkəzində olan jurnalistlərdən biri olmuşam. "Lider TV"nin prezident administrasiyasına akkreditasiya olunmuş müxbiri kimi əksər tədbirlərdə, müzakirələrdə iştirak etmişəm. Bir nüansı xüsusi olaraq vurğulamaq istəyərdim ki, əksər ağır tədbirlərdə belə Heydər Əliyev jurnalistlər ilə salamlaşmadan, onlarla hal-əhval tutmadan görüşlərə başlamırdı. Söhbət zamanı jurnalistlərin qeyd etdiyi problemləri dinlədikdən sonra həmin problemlər də öz həllini tapırdı. Ümummilli Liderin jurnalistlərlə olan səmimi münasibəti bir nümunə olmaqla yanaşı, onun medianın, mətbuatın nəzəriyyəsini çox gözəl şəkildə bilməsi bizim üçün müəyyən yolların açılmasına şərait yaradırdı. 2002-ci ildə jurnalistlərin "Dostluq" mükafatı verilərkən mən də o görüşdə iştirak edirdim. Həmin görüşdə Ulu Öndər medianın "Dostluq" mükafatını aldığına və ona təqdim edildiyinə görə təşəkkür etdikdən sonra jurnalistlərə bir növ dərs də keçdi. Onun çıxışında belə bir hissə var idi ki, "Jurnalistlər faktı eşidir və həmin faktı araşdırmadan bu informasiyanı auditoriyaya təqdim edir ki, bu da düzgün deyil". Təəssüflər olsun ki, Heydər Əliyenin qeyd etdiyi bu nüans hələ də davam edir. Lakin bu nüans jurnalistikanın əsas müddəalarından biridir. O, çıxışında jurnalistlərin bu hərəkəti istəmədən, auditoriya qazanmaq naminə etdiklərini və bunun düzgün olmadığını da qeyd etdi. Heydər Əliyev həmin çıxışında jurnalistlərə, mətbuata edilən güzəştlərdən də bəhs etdi. Çıxış zamanı çox maraqlı bir hissə var idi ki, onu heç vaxt unuda bilmərəm. Heydər Əliyev çıxışında jurnalistlərin peşə fəaliyyətinin bir gününü xarakterizə eləməklə sanki bizimlə bərabər bu şəraiti yaşayanlardan biri idi. Həmçinin Ulu Öndər jurnalist peşəsinin çətinliyini xüsusi vurğulamışdı. Jurnalist peşəsinin digər peşə sahələrindən fərqli olaraq nə sabit iş yeri, nə də iş vaxtı var. Çünki digər peşə sahibləri iş vaxtı bitdikdən sonra evə getsələr də, lakin jurnalistlər hər an xəbər axtarışındadırlar və bu xəbərləri dərhal auditoriyaya çatdırmaq məcburiyyətində olurlar. Düzdür, jurnalistlərin sabit iş yeri yoxdur, ancaq o auditoriyaya operativ xəbər çatdırmaq istəyirsə, oturmaqla bunu edə bilməz. O, bütün fəaliyyəti boyu daim araşdırmalıdır".
Aynur Nəsirova bildirib ki, Ulu Öndər Heydər Əliyev həqiqətən də jurnalistlərin dostu olmağı bacarıb:
"Məhz buna görə Ulu Öndərin həm jurnalistikanın nəzəriyyəsini, həm də jurnalistin bir iş günü barədə dedikləri heç vaxt xatirimdən çıxmayacaq. Bundan əlavə, Heydər Əliyev həqiqətən jurnalistlərin dostu olmağı bacardı. Ona çatdırılan bütün problemlər həll edilirdi, senzuranın ləğvinə nail olundu. Hətta dövlət başçısı müsahibələrində hər zaman digər məmurlara müraciət edərkən jurnalistlərin suallarını cavablandırmalı olduqlarını qeyd edirdi. Bu faktı mənim ilə eyni dövrdə fəaliyyət göstərən jurnalistlər də təsdiq edə bilərlər. Xatirələrimlərimdən bir hadisəni də qeyd etmək istəyərdim. O dövrdə Sumqayıt icra başçısının dəyişildiyi zaman mətbuata bu barədə heç bir məlumat sızdırılmamışdı. Prezident administrasiyasından akkreditasiya olunan məmurların görüşə gəlmələri üçün zəng edildi. Biz hazırlaşıb görüşə gəldikdən sonra administrasiyanın binasından başqa yerə apardılar. Sumqayıtda icra hakimiyyətinin binasına gəldikdə bizə məlum oldu ki, burada gözlənilməyən hadisə baş verəcək. Ulu Öndər iclas zalında Sumqayıtın keçmiş icra başçısının işdən uzaqlaşdırıldığını və yerinə yeni icra başçısının təyin olunduğunu dedi. Həmin an informasiyanın çatdırılması üçün qapalı məkan bizim üçün əlverişli deyildi. Orada bizə telefon vasitəsilə məlumatı çatdıra bilməyimiz üçün şərait yaradıldı. İndiki zamanı informasiyanı asanlıqla ötürə bildiyimiz şərait o dövrdə bu mümkün deyildi. Bundan əlavə, ölkə başçısı xaricə səfərə yollanarkən biz həm səhər, həm də səfər bitdikdən sonra axşam havalimanında onu qarşılamalı olurduq. Gərgin iş mühitinə baxmayaraq, biz yenə də suallarımızla ölkə başçısına müraciət edirdik və təmkinlə cavablarımızı alırdıq. Heydər Əliyevlə ünsiyyətdə olduğum və Prezident administrasiyasına akkreditasiya olunduğum dövr mənim üçün bir jurnalist kimi fəaliyyətimin ən uğurlu zamanı kimi qiymətləndirirəm. Həmin zamanda nəinki jurnalistika fəaliyyətimlə, həm də informasiyanın operativ şəkildə çatdırılmasındakı məsuliyyəti daha dərindən hiss etdim. Nəticədə, bu işin öhdəsindən də layiqincə gələ bildim".
Fatimə Mustafayeva