"İstirahət olmasa, dərs sisteminin produktivliyi azalır" - Buraxılış imtahanında maksimum nəticə göstərən Tural

Bölmə: MEDİA › ,
Tarix: 11:31 19.05.2023

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan iştirakçıları arasında 1 nəfər maksimum nəticə göstərərək 300 bal toplayıb.


İNFORMATOR.AZ buraxılış imtahanından respublika üzrə yüksək nəticə əldə etmiş Tural Əfəndiyevdən müsahibə alıb:

 

Buraxılış imtahanından respublika üzrə ən yüksək nəticə əldə etdiniz. Belə bir nailiyyət əldə etmək kimi gözləntiləriniz var idi?

Bəli, belə bir gözləntilərim var idi. Təxmini 280-290 aralığında bal yığacağımı ümid edirdim. Hətta ana dilinin açıq suallarından tam əmin deyildim. Ancaq nəticəsi əla oldu.

 

İmtahana hazırlaşdığınız müddət ərzində sizə motivasiya verən ən böyük amil nə idi?

Ata-anamın məndən gözləntiləri və əldə etdiyim nəticə ilə onları sevindirmək.

 

Gələcəkdə hansı sahəni seçməyi hədəfləyirsiniz?

Tibb sahəsini, xüsusilə, cərrah olmaq istəyirəm.

 

İmtahanlara hazırlaşarkən dərslərə davamlı olaraq necə hazırlaşırdınız?

İlin əvvəlindən başlayaraq, əsasən, 2-3 ay ərzində məktəbdə tədris edilən dərsləri oxuyurdum. Daha sonra ilin əvvəlindən keçdiyimiz ümumi dərsləri təkrar etməyə başladım. Hətta test toplularını işləməklə biliklərimi gücləndirməyə çalışdım.

 

Belə bir nailiyyət əldə etmənizdə peşəkar müəllimlərin dərs deməsi, yoxsa sizin yaxşı oxumağınız təsir göstərib? 

Məncə, ikisinin də böyük rolu oldu. Çünki müəllimlərimin də mənim üzərimdə böyük əməyi var. Məsələn, hər hansı bir tapşırığı sən özün bacara bilsən də, müəllimlər daha asan yolunu sənə göstərirlər.

 

Dövlət tərəfindən xaricdə oxumaq ilə bağlı təklif gəlsə, hansı prestijli universitetlərdə təhsil almaq istəyərdiniz?

Bu haqda tam qərar verməsəm də, xarici ölkələrdən ABŞ-da təhsil almaq istəyərdim.

 

Sizcə, imtahanlarda uğur əldə etmək üçün hansı şərtlər lazımdır?

İmtahanda yüksək nəticə əldə etmək üçün hər gün sistemli şəkildə istirahətə də vaxt ayırmaq lazımdır. Eyni zamanda, ən azı 2-3 saat dərs oxumaq lazımdır. Bəziləri düşünür ki, ancaq dərs oxumaq lazımdır. Lakin bu, heç də düzgün düşüncə deyil. İstirahət olmasa, o sistemin produktivliyi azalır. Həmçinin, dəstək almaq bir insan üçün ən böyük motivasiya olmalıdır.

 

Fatimə Mustafayeva