KİMLƏR PREZİDENTLİYƏ NAMİZƏD OLA BİLƏR?

Bölmə: Siyasət › ,
Tarix: 16:10 11.12.2023

    Növbədənkənar prezident seçkilərinin elan edilməsi ortaya bir neçə sual çıxarıb. Suallardan biri də kimlərin prezidentliyə namizədliyini irəli sürə bilməsi məsələsidir. Kimlər prezidentliyə namizəd ola bilər? Bunun üçün tərtib olunan qanunun tələbləri nələrdir?

   

       Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkədə növbədənkənar prezident seçkisi elan edilib. 2024-cü il fevralın 7-də vətəndaşlar növbəti dövr üçün prezidenti seçəcəklər. Namizədlərə dair tələblər isə Konstitusiyada aydın şəkildə göstərilir. Hüquqşünas Fərhad Mehdiyev deyir ki, Konstitusiyada prezident seçkilərində iştirak edə bilmək üçün şərtlər olduqca asanlaşdırılıb. "Hər hansı bir yaş həddi yoxdur. Ölkəmizin vətəndaşı olması, ölkəmizdə ən az 10 il yaşaması, ağır cinayətlərə görə məhkum olunmaması, ikili vətəndaşlıq olmaması, təbii ki, ali təhsilli olmağı tələb olunur, bir də başqa dövlətlərin qarşısında öhdəliyi olmayan şəxslər prezident seçkilərində namizəd kimi iştirak edə bilərlər". Hüquqşunasın sözlərinə görə, hər hansı bir şəxsin namizədlik irəli sürmək hüququ olsa da, cəmiyyət arasında müəyyən nüfuzu olan şəxslərin müraciəti daha effektivdir. Çünki şəxs namizədliyinin müdafiə etməsi üçün 40 000-dən az olmayan sayda seçici imzası toplamalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən isə azı 50 imza olmalıdır. "Xalqın nəzdində ehtibarlılığı olan, tanınmışlığı olan şəxslər, xalqın güvənə bildiyi şəxslər və təbii ki, keçmişində nələrsə etmiş olan şəxslər prezident kimi vacib bir vəzifə üçün seçkilərə qatılırlar. Seçkiyə qatılanların yarıdan çoxunun onun lehinə səs verməsi nəticəsində Azərbaycan Respublikası Prezidenti kimi seçilməsi mümkündür. 14 gün ərzində Konstitusiya Məhkəməsi onun seçkilərini təsdiq edirsə əgər, and içir və bu şəkildə vəzifə səlahiyyətlərinə başlamış olur."

   7 fevrala təyin olunan seçki Azərbaycanın müstəqilliyi dövründə keçiriləcək sayca 9-cu prezident seçkisi olacaq. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə 76%, 2008-ci ildə 89 , 2013-cü ildə 85, 2018-ci ildə 86 % səslə Azərbaycan Respublikasının Prezidenti seçilib. Qeyd edək ki, 1991-92-ci illərdə Ayaz Mütəllibov, 1992-93-cü illərdə Əbülfəz Elçibəy, 1993-cü ildən etibarən 10 il müddətində Heydər Əliyev dövləti idarə edib.

Gülnar