Azərbaycan gəncləri niyə xaricə köçmək istəyir?

Bölmə: Sosial › ,
Tarix: 22:19 26.02.2025

Son illərdə Azərbaycan gəncləri arasında xaricə köçmək istəyinin artması, ölkədəkı sosial və iqtisadi vəziyyətlə bağlı müxtəlif suallar doğurur. Bəs Azərbaycanda gənclər üçün iş bazarının hazırkı durumu necədir? Mövzu ilə bağlı "informator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, sovet dönəmindəki kimi qapalı mühit artıq yoxdur və bugünkü informasiya əsrində gənclər dünyadakı fərqli həyat tərzlərini daha asan müşahidə edə bilirlər:

 

"Son illərdə Azərbaycan gəncləri arasında xaricə köçmək istəyinin artması müşahidə olunur. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, müasir gənclər daha çox azadlıq və özlərini sınamaq imkanı axtarırlar. Onlar inkişaf etmiş ölkələrdəki daha yüksək həyat səviyyəsini görür və bu cür imkanlara daha tez sahib olmaq istəyirlər. Azərbaycanda demoqrafik baxımdan əhali artımı davam edir. Müstəqillik dövrünün əvvəlində ölkə əhalisi təxminən 7 milyon idisə, hazırda bu rəqəm 10,2 milyona çatıb. Bununla belə, iqtisadi reallıqlar səbəbindən ölkədən miqrasiya meyli qalmaqdadır. Gənclər arasında xaricə köçmək istəyinin artmasının digər əsas səbəblərindən biri iqtisadiyyatın mövcud durumu və iş bazarının vəziyyətidir. Azərbaycanda gənclər üçün iş tapmaq müəyyən çətinliklərlə müşayiət olunur. İş axtaranların sayı işəgötürənlərdən daha çox olduğuna görə, işəgötürənlər aşağı maaşla və daha sərt şərtlərlə işçi tapmağa üstünlük verirlər. Xüsusilə ilk dəfə iş bazarına daxil olan gənclər üçün təcrübə çatışmazlığı əsas problemlərdən biridir. Bu isə onların əmək bazarında rəqabət qabiliyyətini azaldır. Ümumiyyətlə, dünya miqyasında təcrübəsi olmayan kadrların iş tapması daha çətin olur.İqtisadiyyata gəldikdə, Azərbaycanın əsas gəlir mənbəyi neft və qaz sektorudur. Bu sektor iqtisadiyyatın təxminən üçdə birini təşkil etsə də, burada cəmi 100 minə yaxın insan çalışır. Beləliklə, ölkə iqtisadiyyatının digər sahələrinin yetərincə inkişaf etməməsi səbəbindən gənclər üçün iş imkanları məhduddur.Bu faktorlar gənclərin daha yaxşı maddi və peşəkar imkanlar əldə etmək üçün xaricə köçmək istəyini artıran əsas səbəblər arasındadır".

 

Mehriban Nəsibova