“İnterfax" Azərbaycandan Ermənistana köçə bilər

Bölmə: MEDİA › ,
Tarix: 16:35 14.04.2016

“İnterfax-Azərbaycan” informasiya agentliyi bağlana bilər.

İnformator.az xəbər verir ki, Publika.az-ın agentlikdən əldə etdiyi məlumata görə, ötən həftə “İnterfax-Azərbaycan”-ın ümumi işçilərinin 50 faizdən çoxu ixtisar olunub, digər işçilərin gələcək aqibəti isə bəlli deyil.

Agentlikdən bildirilib ki, əgər maliyyə çətinlikləri düzəlməsə, agentlik fəaliyyətini dondura bilər: “Ermənistan tərəfi uzun illərdir ki, “İnterfax” informasiya agentliyinin İrəvanda ofisinin açılması üçün çalışır və səy göstərir. Ancaq agentlik rəhbərliyi indiyədək bunu məqbul saymayıb. Ermənistanın bu təklifləri hazırda da keçərlidir. Əgər “İnterfax” informasiya agentliyi Azərbaycanda fəaliyyətini dayandırsa, yəqin ki, Ermənistanda ofisinin açılması təklifləri üzərində düşünəcək”.

Adının çəkilməsini istəməyən agentlik əməkdaşı əlavə edib ki, 2013-cü ilin noyabrında Ukraynada baş verən hadisələr zamanı hökumət bütün Rusiya şirkətlərini ölkədən çıxarsa da, ancaq “Interfax-Ukraine” agentliyinə toxunulmayıb: “Buna səbəb də agentliyinin doğru xəbərlər çatdırması olub. “İnterfax-Azərbaycan” agentliyi də ötən illər ərzində Azərbaycanla bağlı qərəzsiz və obyektiv məlumatlar yayıb”.

Qeyd edək ki, hazırda “İnterfax” informasiya agentliyinin 2 nəfər İrəvanda, 2 nəfər isə Xankəndində əməkdaşı fəaliyyət göstərir.

Xatırladaq ki, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi Rusiyanın “İnterfaks” Beynəlxalq İnformasiya Qrupunun (Interfax Information Services Group) və ARDNŞ-nin təsisçiliyi ilə 2002-ci ilin oktyabrında o zamankı Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə yaradılıb.

Agentliyin yaradılmasında başlıca məqsəd Azərbaycanda baş verən prosesləri dəqiq, obyektiv və operativ şəkildə “İnterfaks”ın qlobal əməliyyat sistemi vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaq, ölkəmiz haqqında tam və dəqiq təsəvvür yaratmaq olub. Bu məqsədlə agentlik “www.ifx.ru” və “www.interfax.az” saytları vasitəsi ilə “on-line” rejimində “Аzərbaycan xəbərləri” və “Новости Азербайджана” adlı xüsusi informasiya məhsulları buraxır.