Məncə insan hətta kimin kölgəsini tapdaladığının da fərqinə varmalıdır
Bölmə: MEDİA › ,Tarix: 12:46 29.05.2018
Son günlər gündəmi zəbt etmiş “Qafqaz üçlüyü” filmi ilə bağlı İnformator.az-ın suallarını yazar, publisist, jurnalist İlqar Rəsul cavablandırıb.
Son vaxtlar gündəmi zəbt etmiş "Qafqaz üçlüyü" filmi və barəsində deyilənlərə münasibət bildirmədiniz. Niyə?
- Əvvəla son vaxtlar mənim gündəmimi Cümhuriyyətimizin 100 illiyi zəbt etmişdi. Hələ bir müddət də bu ab-havada qalacam yəqin. Konkret siz deyən məsələyə gəlincə, bu cür məsələlərə şərh verməyə o qədər də həvəsli deyiləm. Amma münasibət bildirmək fikrim olanda da tələsmirəm. Səbəb də odur ki, əgər biri ittiham olunursa, mənə həmin o qarşı tərəfin izahını bilmək vacibdir. Əgər ittihamın konkret səbəbi də varsa, o səbəblə də tanış olmağı vacib sayıram. Bu məsələdə isə nə qarşı tərəfin fikri var idi, nə də deyilən filmə baxmışdım.
- Artıq hər ikisi ilə də tanışsız, eləmi?
- Bəli. Tanış olmasaydım danışmağa razılıq verməzdim. Ümumiyyətlə qarşı tərəfin rəyini bilmədən və ən başlıcası filmə baxmadan onun haqqında fikir söyləmək, açıqlama vermək, kimisə asıb-kəsmək məncə qeyri-ciddi davranışdı.
- Bəs qarşı tərəfin rəyini oxuyub, filmə baxıb asıb-kəsmək nədir?
- Bu artıq hər kəsin fərdi imkanlarına və məqsədlərinə bağlı məsələdir. Mənə qalırsa, hər hansı bir filmə soyuq başla baxıb, gerçəyin nədən ibarət olduğunu anlamamaq istedadsız, anlamaq istəməmək isə ədalətsiz hərəkədir.
-Hazırda "Qafqaz üçlüyü"nə üç baxış formalaşıb. 1. Ayaz Salayev haqlıdır. 2. Rüstəm İbrahimbəyov pis bir iş görməyib. 3. Filmdə bu və ya digər millət daha çox aşağılanıb? Sizin yanaşmanız maraqlıdır.
- Ayaz Salayevin filmə dair təhlili yüksək səviyyədədir. Yəni demək istədiyini peşəkarcasına deyib. Amma elə o cür yüksək səviyyədə və peşəkarcasına da bu filmi Rüstəm İbrahimbəyovun xeyrinə təhlil etmək olardı.
Millətlərin aşağılanması məsələsinə gəlincə, mən bir azərbaycanlı kimi bu filmə baxanda belə qənaətə gəldim ki, ssenaridə balans nisbətən ermənilərin xeyrinə pozulub. Amma əminəm ki, bir erməni də bu filmə baxıb balansın azərbaycanlıların xeyrinə pozulduğunu düşünə bilər (inanmıram ermənilər bu filmi alqışlasın). Çünki filmdə erməniləri də narazı salacaq yetərincə məqamlar var və bunu görmək üçün ciddi bir istedada və ya təfəkkürə sahib olmağa ehtiyac yoxdur.
- Filmin iki il əvvəl çəkilib indi gündəmə gəlməsi də cəmiyyətdə sual doğurur.
- Elə əsas məsələ də budur. Məncə "Rüstəm İbrahimbəyov bu filmi iki il əvvəl niyə çəkib?", "Ayas Salayev bu filmi iki il sonra niyə təhlil edir?" kimi sualların cavabını onlar özləri dəqiq bilirlər. Hər halda bu işdə ya maddi, ya da mənəvi qazanc mütləq var. Əslində isə məncə, bu prosesdə ən maraqlı məqam, "nə baş verir?" sualına cavab tapmaq olardı.
- Sizcə nə baş verir?
- Bilmirəm. Hər halda, fatla işləməyi bacaran biri kimi deyə bilərəm ki, bu bir təsadüf deyil. Amma müşahidə etdiyim odur ki, həmişəki kimi, bu prosesdə də ilk başdan bir qism adamlar ağına-bozuna baxmadan məsələyə dair aqressiv şərhlər verməyə başladılar. Sanki elə bunu gözləyirlərmiş. Ola bilsin kl, onların da bu məsələdə öz maddi və ya mənəvi qazancları var. Nə bilim.
- Sizcə, bu yaxşıdı, ya pis?
- Məsələ yaxşıda ya pisdə deyil. Hər kəsin hər şeydə öz fərdi marağı mütləq var. Hətta vətənə, məmləkətə sevgi də ümumidən əvvəl fərdi ehtiyacdan doğur. Yəni bu sevgi ilə yaşamaq səni rahat edir. O baxımdan kiminsə bu prosesdə maddi, yaxud mənəvi marağı varsa, olsun. Bu təbiidi. İnsan xisləti yəni. Amma elədirsə, bəs niyə biz iki tanınmış kino xadimimizi qınayırıq ki? Onların maraqları ola bilməz ki?
- Verdikləri açıqlamalardan görünür ki, Rüstəm İbrahimbəyovla Ayaz Salayevin bir-birinə qarşı münasibətləri yaxşı deyil.
- Gəlin bir yaxşı olsun. Əvvəl yaxşı olubsa da, indi korlanarcaqdı əlbəttə. Amma bu onların öz işidi. Hər halda onlar incəsənət adamlarıdılar. İncəsənətsə insanları daha çox birləşdirir ki, ayırmır. Sabah onların münasibətləri yoluna düşə də bilər. Hay-küysə onu edənlərin özlərinə qalacaq. Bizim cəmiyyətdə istənilən hadisəyə hərənin bir atımlıq aqressiyası var sanki. Gündəmə bir hadisə düşən kimi, ona atıb rahat olmaq yəni. Buna, sənin Haqqında hansı təsəvvürü yaradacağının fərqinə varmadan atdığın addım da demək olar. Hər halda məncə insan hətta kimin kölgəsini tapdaladığının da fərqinə varmalıdı.
Müsahibə üçün təşəkkür edirik.