Ramiz Mehdiyevin tövsiyyələrinə niyə əməl olunmadı?
Bölmə: MEDİA › ,Tarix: 13:04 10.04.2015
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2009-cu ildə “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı geniş məqaləsi cəmiyyətdə böyük rezonansla qarşılandı. O, öz məqaləsində ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri kimi televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasından narahatlığını qeyd etmişdi. Televizalarda bir çox problemləri detallarına qədər göstərmişdi. Ramiz Mehdiyev verilişlərin əksəriyyətinin ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunduğunu, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına rəvac verdiyini, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korladığını, onların təlim-tərbiyəsinə mənfi təsir etdiyini xüsusi ilə təhlil etmişdi. Həmin tövsiələrə telekanallardan yalnız ANS-in vitse-prezidenti
Mirşahin Ağayev cavab bildirmişdi.
Bəzi media ekspertləri televiziya kanallarının verilişlərində elə də ciddi dəyişikliklər olmadığını bildirirlər. Yəni mütəxəssislər televiziya kanallarının komerssiya maraqlarının yenə də öndə getdiyini vurğulayırlar.
Bu yaxınlarda Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı APA-
ya müsahibəsində bəzən kommersiya maraqlarını arxa plana keçirdiklərini bildirib: Kommersiya kanalıyıq, elə layihələrimiz olub ki, həmin layihələr heç bir kommersiya yükü daşımayıb. Loru dillə desək, o layihələr bizim üçün yük olub. Bir olmayıb, iki olmayıb, üç olmayıb, çox olub belə layihələr. Zövqümüzə uyğun olmayan, baxmaq istəmədiyimiz verilişlərdən “Ford Boyard”ın reytinqi iki dəfə yarım aşağı oldu. İki dəfə yarım... Onun dəyəri isə, nə deyim sizə, bəlkə də yüz, yüz əlli dəfə artıq idi. Həmin o zövq məsələsini qabartmaq naminə buna getdik. “Aydın səs” layihəsi oldu. Heç bir kommersiya yükü yox idi bu verilişin. Nə oldu reytinqi? Çox çətin məsələdir və olduqca yaralı mövzudur. Yaxşı ki, bu problem qabardılır”.
İnformator saytına müsahibəsində filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva Ramiz Mehdiyevin məlum məqaləsində -"milli-mənəvi dəyərlər teleradio rəhbərlərini bir o qədər də maraqlandırmır” fikri ilə tam razı olduğunu deyib: “Burada bir məqamı vurğulamaq istəyirəm ki, milli- mənəvi dəyərlər deyəndə birinci növbədə dil ağıla gəlir. Ana dilimizin qorunması bu günün ən başlıca tələbidir.Təəssüf ki, efirdə aparıcıların bəziləri bayağı sözlər işlətməklə, jarqonlardan istifadə etməklə məişət üslubunu daha cox qabardır, ədəbi dilin normalarına əməl etmirlər. Ana dilimizə bu cür münasibət mən deyərdim ki, cinayətdir. Fikrimi Ümummili lider Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.”
Filologiya elmələri namizədi, dosent Akif Rüstəmov da əsas dəyişməyən problemin dillə bağlı olduğunu bildirib. Onun qənaətincə, Azərbaycan dilinin qorunması mətbuat işçilərindən çox asılıdır: "Çox təəssüf ki, bəzi qəzetlərdə dilimiz qorunmur, kim nə cür istəyir elə də yazır. Onu da qeyd edim ki, televiziyalar dilimizi daha çox təhrif edir. Yaxşı olardı ki, dil komissiyası bu məsələyə daha xüsusi diqqət yetirsin. Mətbuat Şurası və Milli Televiziya Şurası bu məsələni həmişə gündəmdə saxlamalı, onun keşiyində durmalıdır".