Daşa qazınmış xəyanət” kitabının tərcüməsinin təqdimatı olub

Bölmə: MEDİA › ,
Tarix: 13:09 24.04.2015

Beynəlxalq Mətbuat Mərkəzində Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyi ilə nəşr edilən, türkiyəli tədqiqatçı Camal Aydının “Daşa qazınmış xəyanət” kitabının tərcüməsinin təqdimatı olub.

Tanınmış jurnalist Şəfəq Sultan Əlixanlının Azərbaycan türkcəsinə uyğunlaşdırdığı bu əsərdə yazarın Fransada erməni propaqandaları ilə beyni yuyulmuş fransızlarla olan həyəcanverici mübahisəsi ilə tanış olacaqsınız.

Bundan əlavə, Parisin Per-Laşez məzarlığındakı erməni abidəsində daşa qazınmış xəyanət bəlgəsiylə üzləşəcəksiniz.

Tədbiri giriş sözü ilə açan tanınmış ədəbiyyatşünas-alim Ənvər Əhməd “Daşa qazınmış xəyanət – Erməni xəyanətinin Parisdəki bəlgəsi” başlığı altında çap edilən bu kitabın dilimizə çevrilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Kitabda əsrlər boyu davam edən erməni xəyanətindən söhbət açıldığını deyən Ə.Əhməd müəllifin bu əsərinin ermənilərin yalançı soyqırımı iddialarına tutarlı cavab olduğunu diqqətə çatdırıb.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayan Şəfəq Sultan Əlixanlı ermənilərin əsassız “soyqırımı” iddialarının Türkiyə ilə yanaşı, Azərbaycanın da köklü maraqlarına eyni dərəcədə toxunduğunu deyib. Bütün dünyada qondarma “erməni soyqırımı”nı təbliğ edən erməni millətçiləri tarixçilərin arxivləri açmaq, dünyaya real tarixi faktları göstərmək çağırışlarına məhəl qoymadıqlarını deyən Ş.Əlixanlı bildirib ki, bu, onlara sərf etmir, çünki arxiv materialları erməni millətçiliyi və terrorizminin əsl mahiyyətini açıb göstərmiş olacaq, “erməni soyqırımı” haqqında yalançı faktları alt-üst edəcəkdir. Lakin tarixi həqiqəti əks etdirən faktlar mövcuddur və elə bu kitab da o faktlardan bəhs edir.

Bundan başqa çıxış edən tanınmış jurnalistlərdən Xalid Rəhimli, Mahəddin Əsgər, Eldost Bayram və başqaları Camal Aydının “Daşa qazınmış xəyanət” kitabının təqdimatının bu günlərə təsadüf etməsinin Azərbaycan oxucuları üçün qiymətli hədiyyə olduğunu qeyd ediblər.
Tədbirdə çıxış edən “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunusov erməni xəyanətinin tarixi köklərinə toxunaraq bu gün onlara qarşı mübarizə yolunun öncə öz tariximizi dərindən bilib milli kimliyimizə yenidən qayıtmamızdan keçdiyini  vurğulayıb.