3 may - Dünya Mətbuat Azadlığı Günüdür

Bölmə: MEDİA › ,
Tarix: 00:25 04.05.2015

Hər il mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.

Azad sözün şərəfinə elan olunmuş ümumdünya mətbuat azadlığı günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxıb.

XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirib. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunub Bəyannaməni dəstəkləyib və həmin günü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini BMT-yə göndərib.

1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunub.

Dünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atıb.

Azərbaycanda söz və məlumat azadlığının təmini ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin Fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olunub. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib ki, bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi.

Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşıb. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur.