Əsas informasiyanı görmək, onu xəbər formatına salmaqdır
Bölmə: MEDİA › ,Tarix: 13:15 16.05.2015
Gün ərzində 50 xəbər buraxılışı hazırlayıb efirə verən Türkel TV Cənubi Qafqazın ilk xəbər kanalıdır. Ölkənin ilk xəbər kanalı kimi xəbər gənclər üçün dərslər təşkil olunur, onların səviyyəsinin artırılması üçün şərait yaradılır.
İnformator.az Türkel TV-nin Baş direktoru Nadir Şəfiyevlə olan müsahibəni təqdim edir:
Əvvəlcə özünüz haqqında məlumat verərdiniz...
-Özüm haqqında nə deyə bilərəm. 1960-cı ildə Bakıda anadan olmuşam. Sovet ordusunda xidmət etmişəm, Qarabağda döyüşmüşəm. Ali təhsilliyəm, politoloqam. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantıyam. Televiziyaya 1992-ci ildə gəlmişəm. Həmin vaxtdan etibarən bütün əmək fəaliyyətim televiziya və radio ilə bağlı olub. Bu illər ərzində Aztv, İctimayi, Sara, Rusiyanın Doveriye telekanallarında, İctimayi və Qolos Rossii radiolarında çalışmışam. 2011-ci ildən etibarən Azərbaycan "Region" televiziyalar şəbəkəsində fəaliyyətə başlamışam. 2013-ci il oktyabrın 1-dən etibarən TTV-nin Baş direktoru vəzifəsinə təyin olunmuşam.
TTV kanalı 1 saatdan bir olmaqla gün ərzində 17 xəbər buraxılışını tamaşaçılara təqdim edir. Yəni xəbər bu qədər boldur?
-Əvvəla qeyd edim ki, bizim telekanal 2014-ci ilin aprelindən etibarən 1 saatdan bir yox, hər yarım saatdan bir xəbər buraxılışları ilə tamaşaçıların görüşünə gəlir. Bundan əlavə, TTV "Region" Televiziyalar şəbəkəsinin xəbər mərkəzi olaraq, bu telekanalda gedən 4 xəbər buraxılışından 3-ü hazırlayaraq Tovuzdan yayımlayır. Beləliklə, TTV-nin saat 19-da efirə gedən ana buraxılışının 1 saat olduğunu nəzərə alsaq, biz öz efirimizdə 47 xəbər buraxılışı təqdim edirik. Bütövlükdə isə televiziyamızın əməkdaşları gün ərzində 50 buraxılış hazırlayıb efirə verir.
Sizin yarım saatdan bir efirə çıxmağınızı biz Azərbaycanın yerli TV-ləri ilə deyil, məhz CNN, Euronews və dünyanın digər aparıcı kanalları ilə müqaisə edə bilərik. Çünki bu çox məsuliyyətli bir işdir. Məsələn, vaxtıyla SPACE kanalı bir saatdan bir xəbər buraxılışına başladı, amma tezliklə də bunu dayandırdı. Sizin komandanın potensialı və informasiya bolluğu bu missiyanı davam etdirmənizə imkan verir?
-Dünyada informasiya qıtlığı heç vaxt olmayıb. Əsas məsələ bu informasiyanı görmək, onu xəbər formatına salmaq və tamaşaçıda maraq doğuran formada çatdırmaqdır. Düşünürəm ki, biz bunun öhdəsindən gəlirik. Amma bu o demək deyil ki, problemimiz yoxdur. Müəyyən çətinliklər olur və biz çalışırıq ki, yaranan çətinlikləri aradan qaldıraq. O ki qaldı bizim potensiala: qeyd etdiyim kimi, TTV "Region" Televiziya Şəbəkəsi ailəsinə daxildir və bu şəbəkənin Xəbər mərkəzidir. Bu isə o deməkdir, ölkəmizin bütün bölgələrində bizim həmkarlarımız var və biz onlarla sıx əməkdaşlıq edirik. Bundan əlavə paytaxtımız Bakıda Büromuz və "Region"TV-nin Mərkəzi ofisi yerləşər ki, orda yüksək peşəkarlığa malik olan həmkarlarımız çalışır. Ölkənin ilk xəbər kanalı olaraq, biz bir növ xəbər məktəbi təsis etmişik ki, bu məktəbdə bizim gənc əməkdaşlarımızla dərslər təşkil olunur, onların səviyyəsinin artırılması üçün şərait yaradılır. Bu iş özüm də daxil olmaqla, kollektivimizin bütün təcrübəli əməkdaşları tərəfindən həyata keçirilir. Bu proses yalnız məhdud vaxt çərçivəsində qurulan dərslər formasında deyil, bütövlükdə daimi proses olaraq həyata keçirilir.
Hər dəfə efir üçün təxminən neçə xəbəriniz yeni olur?
-Konkret belə statistika aparılmır. Amma əgər həmin vaxt ölkədə və ya dünyada önəmli hadisə baş veribsə, deməli bu növbəti buraxılışda öz əksini tapacaq. Daha sonra isə həmin hadisə əməkdaşlarımız tərəfindən diqqətdə saxlanılır və hadisələrin inkişafı barədə də məlumatlar verilir.
Adətən hamı əyalətdən paytaxta gəlir. Siz Azərbaycanın tanınmış jurnalisti, aparıcısı və uzun illər Azərbaycan televiziyasında məsul şəxslərdən olmusunuz. Əyalətdə işləmək sizi sıxmır ki?
-Mən özümü əyalətdə hiss etmirəm. Günümün çoxu işdə keçir. İşdə yaradılmış şərait isə, Bakıda yerləşən bir çox televiziyalardan daha yaxşıdır. Bir də, mənim fikrimcə, müasir Azərbaycanda regionlara əyalət sözü artıq qəti yaraşmır.
TTV Azərbaycanın digər TV-lərindən nə ilə üstündr, fərqlidir?
-Biz burda vahid kollektivik: ən gənc və təcrübəsiz əməkdaşdan tutmuş baş direktora qədər. Bizim kollektivdə daim öyrənmək və iş bacarığının artırılması mütləq tələbdir. Və hamı bunu həvəslə qəbul edir və icra edir. Və əməkdaşların əksəriyyətinə özlərinin əvvəlki səviyyəsi ilə müqayisəsi xüsusi zövq verir. Çünki onlar özləri öz inkişaflarını müşahidə edə bilirlər.
Tamaşaçılarınızın orta yaş həddini bilmək istərdik. Kimlər daha çox sizə baxır?
-Biz tamaşaçılarımızı yaş həddi üzrə bölmürük. Çünki bizim tamaşaçılar məlumatlı olmaq istəyənlərdir. Bu kateqoriyaya isə həm yuxarı sinif şagirdləri də daxil olmaqla gənclər, həm də ahıl dövrünü yaşayan ağsaqqal və ağbirçəklıər də ola bilər. Orta nəsilin nümayəndələri də öz yerində. Onları fərqləndirən əsas kriteri odur ki, bizim tamaşaçılar qeybət və dedi-qodu yox, ciddi hadisələr, qəbul olunmuş siyasi və sosial həyatı əhatə edən qərarlar, dövlətlər və qurumlararası münasibətlər haqqında xəbərlər almaq istəyir.
Yaxın gələcəkdə hansısa yeniliklər gözlənilir?
-Cəmi bir neçə gün əvvəl biz efirimizin dizaynını təzələdik. "TTV Səhər"-də daxil olmaqla bir neçə yeni layihəyə start verdik. Yaxın gələcəkdə bu istiqamətdə təkmilləşdirmə işləri aparacağıq. Daha sonra isə növbəti yeniliklər haqqında düşünmək olar.
Siz həm də şərhçisiniz. Azərbaycanın yaxın gələcəyini və eləcə də dünyanı necə şərh edərdiniz?
-Bir şərhçi kimi qeyd edim ki, sual çox ümumidir. Amma çalışıb sualınızı cavablandıraram. Azərbaycanın "sükanı" həqiqətən etibarlı əllərdədir. İnandırım sizi ki, bizim əminamanlıq şəraitində yaşamağımız dövlət başçısı və onun komandasının böyük zəhmətinin bəhrəsidir. Bu siyasət Azərbaycanın gələcəyinə böyük ümidlə baxmağa imkan verir. O ki qaldı dünyanın gələcəyinə. Bütövlükdə dünyada gərginlik günü-gündən artmaqdadır. Bu artıq heç kim üçün sirr deyil. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət bütün bu çətinliklərə rəğmən ölkəmiz və xalqımızın firavan həyatının təmin olunmasına qulluq edir.