"Müzakirə olunacaq çox mövzu var..."

Bölmə: Siyasət › ,
Tarix: 21:29 22.04.2024

Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib.


Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan prezidentinin Rusiyaya səfəri təbii ki, kifayət qədər gündəmdə olacaq:


"Bu səfər Rusiya prezidentinin dəvəti ilə baş tutan işgüzar səfərdir.İki ölkə arasında müzakirə olunacaq kifayət qədər mövzular var. Nəzərə alsaq ki, Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralında imzalanan müttəfiqlik fəaliyyətinə dair anlaşma var. Həm bu anlaşmanın şərtlərinin həyata keçirilməsi məsələsi, eyni zamanda iki ölkə arasında münasibətlər müzakirə olunacaq. Bir müddət öncə Rusiya hökumətinin başçısının Azərbaycana səfəri baş tutdu və kifayət qədər məsələlər müzakirə edildi. Hər iki tərəf bundan razı qaldı".

 

Politoloq əlavə edib ki, şimal-cənub nəqliyyat dəhlizi məsləsidir, orta dəhliz məsələsi Rusiya ilə müzakirə mövzularından biridir:


"Bu çox önəmlidir, çünki bu dəhlizin əsas komponentlərindən biri Zəngəzur dəhlizidir. Bununla yanaşı regional və beynəlxalq məsələlər müzakirə edə bilər. Rusiya sülhməramlılarının vaxtından öncə çıxması iki ölkə başçıları arasında aparılan müzakirələrin nəticəsində bu addım atılmış oldu. Qeyd etmək lazımdır ki, Rusiyada Azərbaycanın "3+3" formatını Rusiya dövləti dəstəkləyir. Bu səfər iki ölkə arasında olan münasibətlərə yüksək təsir göstərəcək".

 

 

Vüqar Alışov