"Sərhədlərin bağlı qalması vacibdir, lakin daimi deyil"-Deputatdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 21:30 24.04.2024
"Dünyada baş verən həm iqtisadi, həm siyasi kataklizimlər, müharibələr, ətrafımızda baş verən gərginliklər, terror təhlükələri bütün bu təhdidlər təbii olaraq ölkələri düşündürür və hərə öz strategiyası ilə bunu həll etməyə çalışır".
Bu fikirləri "informator.az"a açıqlamasında Milli məclisin üzvü Vüqar İskəndərov söyləyib. Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildən qazandığı böyük qələbələrin ardından 4 kəndi qan tökmədən azad etməklə, ümumiyyətlə, özünün uzun illər həsrətində olduğu dövlət suverenliyini tam bərpa edir və ona qovuşub:
"Prezidentimizin dediyi kimi böyük qaya daşlarını yerindən tərpədib. Bu saydığımız gərginliklər içərisində ölkəmizin sabitlik adasına dönməsi və hazırda bu sabitilliyin bizim ən böyük sərvətimiz olması hamımıza aydındır. Bunun da qədrini bilməliyik və bütün bunların qorunması da hər birimizin vəzifəsidir. Demək olar ki, artıq uzun müddətdir ki, biz quru sərhədlərin belə qalmasını uyğun görürük. Olduqca da siyasi və digər cəhətlərdən uğurlu olduğunu da bilirik. Təbii ki, heç bir dövlət istəməz ki, hansısa sərhəddi bağlı olsun. Dövlətimiz də bunu böyük iqtisadi itkilər hesabına edir. Amma dövlətin, xalqın təhlükəsizliyi üçün bütün bunları dövlət gözə alır. Ölkə prezidentinin də bu fikri artıq insanların suallarına bir nöqtə qoymuş oldu".
Deputatın fikrincə, hələlik, sərhədlərin bağlı qalması çox vacibdir:
"Təbii olaraq, indiki situasiyada hələlik quru sərhədlərin bağlı qalması strateji məsələdir və ölkəmiz bunun necə doğru qərar olduğunu bütün dünyaya göstərmiş olur. Gərginliklər fonunda, sərhədlərimizdə baş verən hadisələr, bir neçə dövlətlərlə olan gərginliklər, üzərimizə gəlməyə cəhd edən qüvvələr dayanmır. Əksinə, ola bilsin yeni planlar da qururlar, bütün bunların qarşısını almaq dövlətin müvafiq orqanlarının işidir. Azərbaycan güclü bir dövlət olaraq bütün bunların öhdəsindən layiqincə gəlir. Təbii ki, bu daimi məsələ deyil. Bu sərhədlər məqbul olduğu zaman açılacaq və bu çox uzun zaman çəkməyəcək. Artıq optimal vəziyyət yarananda, dövlət sabitilikdən əmin olduqda quru sərhədlərin bərpası da təmin ediləcək".
Vüqar Alışov