"TDT güclü bir birliyə çevriləcək"-Türkoloqdan RƏY

Bölmə: Siyasət › ,
Tarix: 19:23 25.04.2024

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

 

"Biz Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət veririk".

Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan zaman Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov deyib. 

İki türk dövləti arasında olan qarşılıqlı münasibətin gələcək dövrlərdə türk dünyasında özünü necə göstərəcəyi maraq yaradıb.

 

Bu barədə "İnformator.az"a açıqlama verən türkoloq Faiq Ələkbərli Türk Dövlətləri Təşkilatının (TDT) iki tərəfli və çox tərəfli şəkildə əməkdaşlığının güclənməsini müsbət hal adlandırıb:

 

"Azərbaycan və Qırğızıstan prezidentlərinin ən yüksək səviyyədə tədbirlər, iclaslar keçirməsi təqdirə layiq haldır. Hər halda iki türk dövlətinin birliyinin daha da güclənməsi bütövlükdə türk dövlətləri birliyinin də güclənməsinə səbəb olur. Bu anlamda həm Azərbaycanda, həm də Qırğızıstanda tədbirlərin keçirilməsi, eyni zamanda abidələrin açılması olduqca önəmlidir. Xüsusəndə Çingiz Aytmatovun Azərbaycanda da abidəsinin olması əlbəttə vacib bir amildir. Çünki hər iki dövləti birləşdirən ortaq cəhət ortaq mədəni dəyərlər, ortaq keçmiş, tarix və mədəniyyətdir".

 

Türkoloqun sözlərinə görə, həm siyasi, həm iqtisadi, həm mədəni, hətta hərbi anlamda birliklərimizin güclənməsi TDT-ə də öz təsirini göstərəcək:

 

"Türk Dövlətləri Təşkilatı Azərbaycan, Qırğızıstan və digər türk dövlətləri timsalında güclü bir birliyə çevriləcək. Artıq ümumiyyətlə Orta Asiyadakı türk dövlətləri ilə Azərbaycan, Qırğızıstan və digər türk dövlətlərinin münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğu bəllidir. İki türk dövlətinin tədbirlərinin yüksək səviyyədə keçirilməsi, mədəni, siyasi, iqtisadi anlamda da güclü bir sferaya keçməsi hər halda türk dünyasına da böyük təsir edəcək. 

 

Ümumiyyətlə yeni formalaşan çox qütüblü dünyada əlbəttə türk dövlətləri təşkilatı da olacaq. O cümlədən Azərbaycan və Qırğızıstanda burada yer alacaqdır. 

Ümid edirik ki, bu məsələlər bizim üçün də eləcə də türk dünyası üçün də xeyirli olacaq".

 

 

Banuçiçək Kalbalıyeva