“Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır"-Bəhruz Məhərrəmov
Bölmə: Siyasət › ,Tarix: 23:13 25.04.2024
"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr müstəsna əhəmiyyətə malikdir və xüsusən son dövrlər artan təmaslar bu istiqamətdə ciddi siyasi iradənin mövcudluğunun göstəricisidir".
Bu sözləri "informator.az"a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov söyləyib. O, qeyd edib ki, ötən il Prezidentin Qırğızıstana, həmçinin 2022-2023-cü illərdə Sadir Japarovun isə Azərbaycana səfərləri olub:
"Ölkəmizə cari dövlət səfərinı çıxmaq şərti ilə Qırğızıstan prezidentinin 2024-cü il ərzində ən azı daha iki səfəri nəzərdə tutulur. Prezidentin də bəyan etdiyi kimi, cənab Japarovun bu yay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü və noyabr ayında COP29 beynəlxalq konfransında iştirakı planlaşdırılır. Bakı və Bişkek artan təmasları ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli hesab edir və nəticələrin qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcəyinə inanır. Aydındır ki, Qırğızıstan Orta Asiyqda Qazaxıstan qədər böyük ərazilərə, Özbəkistan qədər insan ehtiyatına malik deyil, amma qeyd edilən amillər heç də bu ölkənin Azərbaycan üçün strateji önəmini azaltmır. Əksinə, Orta Asiyada öz coğrafi yerləşiminə və siyasi əhəmiyyətinə görə Qırğızıstan xüsusi rol oynayan beynəlxalq hüquq subyektidir".
Deputatın sözlərinə görə, Bişkeklə əlaqələr həm Qərbin, həm də Rusiyanın Orta Asiya siyasətində önəmli yer tutur və son bir neçə ildə bu ölkədə müşahidə olunan siyasi proseslər məhz Qırğızıstanın qlobal güc mərkəzləri üçün nə qədər vacib geosiyasi önəmə malik olduğunu göstərir:
"Azərbaycan da Qırğızıstanın bu rolunu dərk edir, qiymətləndirir. Eyni zamanda Bişkek Bakının hərbi-siyasi zəfərləri ilə region, Türk dövlətləri və bütövlükdə dünya üçün yeni güc mərkəzi kimi özünü təsdiq etdiyinin fərqindədir. Düzdür, Azərbaycan-Qırğızıstan münasibətləri həmişə siyasi səviyyədə yaxşı olub, lakin, sirr deyil ki, Bişkek-Bakı münasibətlərində xüsusi canlanma məhz Prezident İlham Əliyevin Orta Asiya və Türk dünyasına yönəli başlatdığı aktiv siyasi kursdan sonra müşahidə olunmağa başlayıb. Qırğızıstan Prezidenti Sadır Japarovun dövlət səfəri də bu mənada tarixi siyasi əhəmiyyət daşıyır. Bu dəfəki təmaslar zamanı ilk növbəıdə əlaqələrin inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək səhiyyə və tibb elmi, energetika, dövlət xidmətləri mərkəzlərinin və gömrük idarəetməsinin təkmilləşdirilməsi, təhsil və elm, miqrasiya və hüquqi sahələrdə əməkdaşlıq sferalarını əhatələyən sənədlərin , ələxsus, 2024-2029-cu illər üzrə hökumətlərin Əməkdaşlıq Proqramının imzalanması ümumi hədəflərə doğru mühim addım oldu. Həmçinin Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin artırılması, o cümlədən ticarət dövriyyəsinin dövlət başçılarını o qədər də qane etməyən hazırkı hazırkı statistikasını yüksəldilməsi və gələcəkdə nəqliyyat sahəsində də fəal əməkdaşlıq barədə vahid mövqenin nümayiş olunması Qırğızıstan Prezidentinin səfərinin önəmini daha da artırmaqdadır".
Bəhruz Məhərrəmov əlavə edib ki, hər iki liderin həm ikitərəfli münasibətlərin inkişafı, həm də beynəlxalq təşkilatlarda həmrəyliyin qorunması açıq iradə ifadə etmələri ölkələr arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərir:
"Bundan başqa cari səfər çərçivəsində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanın ardınca Qırğızıstanın da fəal şəkildə iştiraka start verməsi, cənab Japarovun təşəbbüsü ilə Qırğızıstanın Ağdam rayonunda orta məktəbin təəməlinin qoyması o cümlədən liderlərin birlikdə Füzuli və Ağdam səfərləri ciddi siyasi mesaj ehtiva edən həmrəylik göstəricisi olmaqla həm də münasibətləri diplomatik platformadan mənəvi müstəviyə daşıyır. Bu isə yalnız Azərbaycan-Qırğızıstan prizmasından qiymətləndirilməli məsələ deyil və bütövlükdə Türk dünyasının birgə potensialının ortaya çıxarılması, suverenliklərimizə xələl gətirmədən böyük Türk mənəvi-siyasi birliyinə nail olunması istiqamətində kritik önəmə malikdir".
Aytac Kərimova