"Azərbaycanın heç bir bloka qoşulmaq niyyəti yoxdur"-Politoloq RƏYİ

Bölmə: Siyasət › ,
Tarix: 14:39 06.05.2024

"Azərbaycanın heç bir bloka qoşulmaq niyyəti yoxdur. Azərbaycan xarici siyasətində qonşularla dinc, yanaşı yaşamaq, beynəlxalq hüquq prinsipinə sadiqdir. Eyni zamanda xarici siyasətində qonşularla düşmənçilik yaratmır və qonşular əlehinə heç bir fəaliyyət göstərmir".

 

Bu sözləri "informator.az"a açıqlamasında politoloq Azad Məsiyev söyləyib. Onun sözlərinə görə, NATO-ya inteqrasiya etmək qonşuların maraqlarına uyğun gəlmir:

 

"Bizim NATO ilə əməkdaşlığımız NATO-nun üzvü olmaq, ona inteqrasiya etmək demək deyil. Rusiya açıq şəkildə bəyan etdi ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəlliləməsi Rusiya üçün təhlükə mənbəyidir və Rusiyaya təhdiddir. Ukraynada baş verən hadisələr də bu fonda yarandı. Ukrayna NATO- ya inteqrasiya etmək niyyətində idi və NATO ilə Ukrayna arasında əməkdaşlıq Rusiya əlehinə köklənib. Bu baımdan Rusiya öz milli təhlükəsizliyini qorumaq üçün, özünü müdafiə tədbiri görmək üçün Ukraynada əməliyyatlara başladı. Odur ki, bizim NATO- ya inteqrasiya etməyimiz Rusiya üçün təhlükə yaradar kimi fikir formalaşdıra bilər. Bu baxımdan biz Qoşulmama Hərəkatının üzvüyük və balanslaşdırıcı siyasət yeridirik. Həm şimal, həm cənub, həm şərq, həm də qərblə- müxtəlif dövlətlərlə iki tərəfli və çox tərəfli əməkdaşlığımız var. Bildiyiniz kimi Azərbaycan MDB- nin üzvüdür. MDB çərçivəsində ora daxil olan dövlətlərlə əməkdaşlıq edir. Eyni zamanda Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə də əməkdaşlığı mövcuddur".

 

Politoloq qeyd edir ki, Azərbaycanın balanslaşdırıcı siyasət fonunda Avropa ilə iqtisadi müstəvidə əməkdaşlığı genişdir:

 

"Bizim Avropanın ayrı-ayrı dövlətləri ilə də iki tərəfli əməkdaşlığımız var. Azərbaycan balanslaşdırıcı siyasət yeridir. Qoşulmama hərəkatının üzvü olmaqla heç bir hərbi bloka qoşulmur. Bu baxımdan Azərbaycanın NATO- ya inteqrasiya etməsinə, NATO ilə əməkdaşlığının genişlənməsinə heç bir lüzumu yoxdur. Çünki biz hesab edirik ki, NATO ilə əməkdaşlıq etsək NATO dövlətlərindən Qarabağ probleminin həllində hansısa bir formada dəstək alacayıq. Amma biz Qarabağ problemini həll etdik, Ermənistan Azərbaycan arasında sərhədlərimizin müəyyən edilməsi və dəqiqləşdirilməsi prosesini həyata keçiririk.

Həmçinin bizim NATO-ya inteqrasiya etməyimiz Rusiya ilə yanaşı, həm də İranın siyasi maraqlarına uyğun deyil. Bu baxımdan biz qonşularla dinc yanaşı yaşamaq prinsipinə üstünülük verir, xarici siyasətimizdə qonşulara təhlükə yaradacaq addımlar atmırıq. Azərbaycan NATO- ya daxil olan dövlətlərlə iki tərəfli əməkdaşlığını genişləndirir və genişləndirməkdə də davam edir, onlarla iqtisadi, siyasi əməkdaşlığımızı, fəaliyyətimizi yaradırıq. Bu səpkidə bizim maraqlarımıza uyğundur".

 

Azad Məsiyevin fikrincə, son vaxtlar Ermənistan Azərbaycan münasibətlərində qərbin açıq şəkildə Ermənistana dəstək verməsi bizim üçün bir qədər təhlükə mənbəyidir:

 

"Çünki NATO- ya daxil olan dövlətlər: xüsusilə də Fransa, ABŞ və qərb açıq şəkildə Ermənistana dəstək verir, onları həm hərbi, həm də iqtisadi cəhətdən təmin edirlər. NATO ilə bizim əməkdaşlığımızda aparıcı NATO dövlətləri bizim xarici siyasətimizdə bizə qarşı təzyiq metodlarından istifadə edirlər. Bu da qəbul edilməzdir. Ümumililkdə onu qeyd edim ki, Azəbaycan qonşularımızın əlehinə yheç bir addım atmır və Qoşulmama Hərəkatının üzvü olmaqla yanaşı balanslaşdırıcı siyasət yürütməkdə maraqlıdır".

 

Banuçiçək Kalbalıyeva